18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü hər il Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu əlamətdar tarix dahi bəstəkarın irsinin yaşadılması və milli musiqi mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Üzeyir Hacıbəylinin adı L. və M. Rostropoviçlərin Ev-Muzeyi üçün xüsusilə doğmadır. Məhz onun dəvəti ilə 1925-ci ildə istedadlı musiqiçi Leopold Rostropoviç (1892–1942)ailəsi ilə birlikdə Bakıya köçüb. Azərbaycan Dövlət Konservatoriyasında violonçel sinfində dərs deməyə başlayan Leopold Rostropoviç burada Üzeyir Hacıbəyli ilə sıx dostluq və yaradıcılıq əlaqələri qurub, onun təklifi ilə konservatoriyanın nəzdində ilk simli kvartetlərdən birini yaradıb.
Bu tarixi münasibətlərin izləri bu gün də muzeydə qorunur. Üzeyir Hacıbəyli ilə Leopold Rostropoviç arasındakı dostluq və yaradıcılıq əlaqələrini əks etdirən məktublar, fotoşəkillər və müxtəlif sənədlər muzeyin qiymətli materialları sırasındadır.
Üzeyir Hacıbəyli irsi Mstislav Rostropoviç (1927–2007) üçün də xüsusi əhəmiyyət daşıyıb. Maestro bəstəkarın “Koroğlu” operasının üvertürasına iki dəfə müraciət edib: 2004-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının təmirdən sonra açılışı münasibətilə və 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi çərçivəsində keçirilən “Üzeyir musiqi günü”ndə (Milli Musiqi Günü)Bakıda bu əsərə dirijorluq edib.
Bu zəngin musiqi irsini yaşatmaq ənənəsinə sadiq qalaraq, sentyabrın 16-da L. və M. Rostropoviçlərin Ev-Muzeyində Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr edilmiş “İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü” adlı tədbir keçirilib.
Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” əsərlərindən parçalar, həmçinin “Sevgili canan”, “Sənsiz”, “Cəngi” və digər sevilən əsərləri səsləndirilib.
Tədbirin maraqlı məqamlarından biri Üzeyir Hacıbəylinin çıxışının videoyazısının nümayişi olub.
Tədbirin sonunda muzey rəhbərliyi tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə ifalarına görə təşəkkürnamələr təqdim olunub.
İki böyük irs – Üzeyir Hacıbəylinin və Rostropoviçlərin irsi – eyni musiqi yaddaşında, eyni məkanda və bir səda ətrafında birləşir.


























