Yəhudilərin əsas dini-milli bayramlarından olan Roş Ha-Şana (Rosh Hashanah – “İl başı”) – yəhudi təqvimi ilə Yeni ilin başlanması bu il Miladi təqvimdə (Qriqorian təqvimi) 11 sentyabra təsadüf edir.

Yəhudilərin Pasxa (Pesax) bayramının ilk günündən 163 gün sonra qeyd olunan və yəhudilər tərəfindən özünütəhlil, daxili mühakimə, ötən ilin səhvləri ilə üzləşmə və yeni il üçün planlar qurma vaxtı kimi qəbul edilən Roş Ha-Şana kainatın yaradılmasını və bütün bəşəriyyətin doğum gününü simvolizə edir.

İki gün davam edən bayramda dini mərasimlər keçirilir, dua kitabları oxunur, axar su kənarında “Taşlix” adlanan ayin icra olunur, bolluğu simvolizə edən bala batırılmış alma və nar yeyilir.

***

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını bayram münasibətilə təbrik edib.

Təbrik müraciətində deyilir: 

Hörmətli həmvətənlər!

Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.

Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir .

Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!