8-9 sentyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin diaspor qurumları və nümayəndələrinin iştirakı ilə 1-ci Müsəlman Diaspor Forumu keçirilir.
Qlobal müstəvidə müsəlman icmalarının potensialını bir araya gətirmək məqsədi daşıyan mötəbər tədbirdə Azərbaycanıdan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
"Köklərdən yollara" (From Roots to Routes) devizi altında keçirilən forum İƏT-in Ankarada yerləşən təsisatı – SESRIC, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları üzrə Rəyasət Heyətinin (YTB) birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Forumun açılış mərasimində çıxış edən Fuad Muradov müasir dövrdə diasporların öz tarixi vətənləri ilə məskunlaşdıqları ölkələr arasında körpü rolu oynadığını vurğulayıb. Komitə sədri bildirib ki, diasporlar yerləşdikləri cəmiyyətlərin sosial, iqtisadi və elmi həyatına mühüm töhfələr verməklə yanaşı, öz milli kimliklərini, dillərini və mədəni irslərini də qoruyub saxlayırlar. Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətindən, xaricdəki Azərbaycan evlərinin və bazar günü məktəblərinin fəaliyyətinin genişləndirilməsindən söhbət açıb.
Tədbir çərçivəsində İƏT-ə üzv ölkələrin diaspor institutları arasında təcrübə mübadiləsinin aparılması, birgə əməkdaşlıq şəbəkələrinin qurulması və müsəlman diasporlarının qlobal miqyasda fəallığının artırılması istiqamətində müzakirələr aparılır.
Mehparə Sultanova
Ankara





















