Sentyabrın 2-də Bakıda ANAMA və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Ölümcül miras” (“Deadly Legacy”) sənədli filminin qapalı təqdimatı olub.
Film Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi ilə “Beach House Pictures” şirkəti tərəfindən çəkilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev, ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov, digər rəsmilər, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Film Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını və təhlükənin fəsadlarını faktlarla işıqlandırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.
Tədbirdə çıxış edən Rəhman Hacıyev, “Saksesful Strateciz” QSC-nin icraçı direktoru, filmin baş prodüseri Faiq Bağırov və rejissor Alison Jayne Vilson film və onun əsas mövzusu olan mina problemi ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, “Ölümcül miras” filmi mina probleminin yalnız texniki və humanitar aspektlərini deyil, həm də onun qlobal miqyasda yaratdığı uzunmüddətli fəsadları diqqətə çatdırır. Filmdə münaqişələr başa çatdıqdan onilliklər sonra belə, minalarla çirklənmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsinin ölkələr və icmalar qarşısında mühüm çağırış olaraq qaldığı vurğulanır.
Qeyd olunub ki, sənədli film vasitəsilə mina təhlükəsinin qurbanlarının həyat hekayələrinin beynəlxalq ictimaiyyətə çatdırılması, problemin miqyası barədə məlumatlılığın artırılması və humanitar minatəmizləmənin qlobal gündəmdə daha geniş yer almasına töhfə verilməsi qarşıya məqsəd qoyulub.
Çıxışlarda Azərbaycanın mina probleminin aradan qaldırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və bu sahədə qabaqcıl təcrübələrin bölüşdürülməsinin vacibliyi diqqətə çatdırılıb.
Təqdimat iştirakçılarına QDF-nin sifarişi ilə ərsəyə gətirilmiş “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” kitabı hədiyyə olunub.
Xatırladaq ki, bir müddət əvvəl çap olunmuş bu kitab Azərbaycan həqiqətləri ilə yaxından tanış olan tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınıb. Münaqişə dövründən bugünkü bərpa prosesinə qədər olan dövrü əhatə edən nəşr analitik yanaşması, zəngin fotoşəkilləri və interaktiv rəqəmsal materialları ilə Qarabağın dirçəliş hekayəsini canlandıran dəyərli bir salnamədir.
























