Ölkənin digər teatr kollektivləri kimi, Gəncə Dövlət Milli Dram Teatrı da yeni mövsümə başlayır.
Teatrda 131-ci mövsümün hazırlıqlarını müzakirə etmək, qarşıda duran yaradıcılıq vəzifələrini müəyyənləşdirmək məqsədilə bir araya gələn kollektivi direktor Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev salamlayaraq hər kəsə uğurlar arzulayıb.
Teatrdan verilən məlumata görə, bu mövsümdə repertuarın yeni səhnə əsərləri ilə zənginləşdirilməsi ilə yanaşı, gənc aktyorların yaradıcılıq imkanlarının genişləndirilməsi və teatrın tamaşaçı auditoriyasının daha da böyüdülməsi diqqət mərkəzində olacaq.
Yeni mövsümdə Elşad Əhmədovun quruluşunda Toyğun Orbayın “İnsanlıq şərəfinə” (tərcümə: Elvin Nuri) pyesi, Telman Hacıyev və Bəşir Səfəroğlunun “Bizə bir xal lazımdır” musiqili librettosu, həmçinin Aleksey Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” nağıl-povesti əsasında tamaşaların hazırlanması nəzərdə tutulub.
Qurban Səidin “Əli və Nino” romanı əsasında Valentina Reznikovanın qələmə aldığı eyniadlı pyesin (tərcümə: Abdulla Elşadlı) səhnələşdirilməsi üzərində iş isə artıq başlanıb. Pyesin quruluşçu rejissoru Abdulla Elşadlıdır. Yeni səhnə əsəri oktyabr ayının ikinci ongünlüyündə teatrsevərlərə təqdim ediləcək.
Gəncə Dövlət Milli Dram Teatrı 131-ci mövsümü sentyabrın 18-də M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə açacaq.























