Sentyabrın 1-də Azərbaycan Dövlət Kukla Teatrında yeni mövsümün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.

Teatrın 95 illik yubileyinə təsadüf edən yeni mövsümün ilk iclasında qarşıda duran əsas yaradıcılıq və təşkilati məsələlər müzakirə olunub, yubiley ili çərçivəsində həyata keçiriləcək layihələr və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. 

İclasda çıxış edən teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ötən mövsümün kollektiv üçün uğurlu olduğunu bildirib. Qeyd edib ki, mövsüm ərzində yeni tamaşalar hazırlanaraq təqdim edilib, ölkədaxili qastrol səfərləri və müxtəlif sosial-mədəni layihələr, tamaşaçı auditoriyasının diqqətini cəlb edən təşəbbüslər reallaşdırılıb.

Rəşad Əhmədzadə bildirib ki, teatrın yubileyinin qeyd olunacağı mövsüm də zəngin olacaq. Yeni tamaşaların hazırlanması ilə yanaşı, müxtəlif mədəni layihələrin, yaradıcılıq təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.

Teatrın yerli və xarici qastrol proqramının da geniş olduğunu diqqətə çatdıran direktor bir sıra səfərlərlə bağlı danışıqların aparıldığını deyib. Qeyd olunub ki, xarici teatr və sənət qurumları ilə əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan kukla sənətinin beynəlxalq platformalarda daha geniş təqdim olunması yeni mövsümün prioritet istiqamətlərindən olacaq.

“95 illik yubiley bizim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu yubiley teatrın keçdiyi yaradıcılıq yoluna nəzər salmaq, ənənələri qorumaqla yanaşı, yeni istiqamətlərə açılmaq və gələcək üçün daha böyük hədəflər müəyyənləşdirmək baxımından mühüm mərhələdir”, – deyə Rəşad Əhmədzadə vurğulayıb.

Yubiley ili çərçivəsində teatrın yaradıcı heyətinin təşəbbüsü ilə bir neçə layihə planlaşdırılır. Bu layihələrin həm uşaqlar və ailələr üçün yeni mədəni proqramları, həm də teatr sənətinin təbliği və Azərbaycan kukla teatrının 95 illik yaradıcılıq irsinin geniş auditoriyaya çatdırılması istiqamətində mühüm rol oynaması nəzərdə tutulur.

İclasda teatrın direktor müavinləri Elnur Abbasquliyev və Elmar Qəhrəmanov, yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov, geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev, teatrın artistləri Rəhman Rəhmanov (Əməkdar artist), Aslan Fətullayev (Əməkdar mədəniyyət işçisi) də çıxış ediblər.

Onlar kollektiv üzvlərini yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edərək qarşıdakı yaradıcılıq mərhələsində hər bir əməkdaşa uğurlar arzulayıblar. Bildirilib ki, 95 illik yubiley mövsümü teatrın zəngin tarixinə yeni səhifələr əlavə etməklə yanaşı, kollektivin yaradıcılıq potensialının daha geniş nümayiş etdirilməsi üçün də mühüm imkanlar yaradacaq.

İclasda yeni mövsümdə yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, tamaşaçı auditoriyasının genişləndirilməsi, yeni layihələrin hazırlanması və yubiley proqramının yüksək səviyyədə təşkili ilə bağlı məsələlər də diqqət mərkəzində olub.