Oktyabrın 30-dan noyabrın 1-dək Bakı ikinci dəfə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalına ev sahibliyi edəcək. Şəhərin mədəni və memarlıq məkanlarını vahid yaradıcı platformada birləşdirən festival müasir incəsənət, mədəni irs, performans, musiqi, təhsil və immersiv təcrübələri bir araya gətirəcək.
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rəhbərliyi ilə baş tutacaq üçgünlük incəsənət festivalının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.
“Art Weekend 2026”nın əsas mövzusu Qafqazın təbii irsi və Azərbaycanın “Böyük beşliyi” hesab olunan ceyran, Qafqaz bəbiri, qonur ayı, boz canavar və imperator qartalıdır. “Böyük beşlik” festivalın bədii proqramının əsas simvollarına çevrilərək təbiət, mədəni yaddaş, mifologiya, kimlik və gələcək nəsillər haqqında düşünmək üçün yeni perspektiv yaradacaq.
Qeyd edək ki, mövzu IDEA İctimai Birliyinin “Qafqazın böyük beşliyi” (Big Five of the Caucasus) təşəbbüsünə əsaslanır.
“Fly to Baku. Art Weekend. Sense the Future NOW” şüarı ilə keçiriləcək festival bu il də Bakını fərqli rakursdan kəşf etməyə imkan verəcək. Festivalın konsepsiyasında şəhərin özü də yaradıcı təcrübənin bir hissəsinə çevrilir. Belə ki, tamaşaçılar muzeylər, tarixi məkanlar, memarlıq abidələri, qalereyalar və müstəqil yaradıcılıq məkanları arasında hərəkət edərək, Bakını incəsənət vasitəsilə yenidən kəşf edəcəklər. Üç gün ərzində Bakının bir çox simvolik məkanlarında - Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, İçərişəhər, Şirvanşahlar Sarayı, Dənizkənarı Milli Park, Milli İncəsənət Muzeyi və şəhərdə fəaliyyət göstərən müxtəlif qalereyalarda təsviri incəsənət, performans, musiqi, poeziya və immersiv texnologiyaları əhatə edən çoxşaxəli proqramlar təşkil olunacaq.
Festival proqramında azərbaycanlı və beynəlxalq sənətçilərin iştirakı ilə müxtəlif istiqamətləri əhatə edən layihələr təqdim ediləcək. Proqramın əsas ekspozisiyaları sırasında Aydan Salahovanın yaddaş, mifologiya və qadınlıq mövzularını araşdıran multidisiplinar sərgisi, Mikelancelo Pistolettonun “Əbədiyyət güzgüsü” (Mirror of Eternity) layihəsi, tamaşaçıları cəmiyyət, bərabərlik və gələcək haqqında düşünməyə dəvət edən Cudi Çikaqonun “Qadınlar dünyanı idarə etsəydilər” (What if Women Ruled the World) sərgisi, azərbaycanlı müasir rəssamların Heydər Əliyev Mərkəzində təbiətin qorunması, biomüxtəliflik, mədəni yaddaş və insanın gələcək nəsillər qarşısındakı məsuliyyəti mövzularını əhatə edən “Təbiət danışanda: varislər” adlı sərgisi və memarlıqdakı naxışların sonsuzluq ideyasını və müasir abstrakt sənətdə təkrarın fəlsəfi mənasını araşdıran çinli rəssam Canq Cinin “Sonsuz toxuma” adlı sərgisi yer alır.
Proqramın digər mühüm istiqamətlərindən biri “Baku Steel Art 2026 – The Big Five” beynəlxalq polad heykəltaraşlıq simpoziumudur. Layihə çərçivəsində müxtəlif ölkələrdən olan sənətçilər Qafqazın vəhşi təbiətindən ilhamlanan monumental incəsənət əsərləri yaratmaq üçün bir araya gələcəklər. “Art Weekend 2026” proqramına, həmçinin Faiq Əhməd, Fərid Rəsulov, Elvin Nəbizadə, “DanceAbility Azerbaijan”, “Fluxus Space”, “Atəş Hub” və digər yaradıcı şəxslərin və kollektivlərin layihələri daxildir.
Xatırladaq ki, keçən il baş tutan və Bakıda yeni mədəni platformanın formalaşdığını təsdiq edən “Art Weekend 2025” çərçivəsində 9694 qonaq qeydiyyatdan keçib, 29 min 500-dən çox giriş qeydə alınıb və 40-dan artıq multidisiplinar proqram tamaşaçıların diqqətinə çatdırılıb. Üç gün ərzində şəhərin müxtəlif məkanlarında təşkil olunan proqram müasir incəsənəti, performansı, musiqini, ədəbiyyatı, təhsili və immersiv təcrübələri geniş auditoriya üçün əlçatan edib.
Cari il oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək “Art Weekend” Bakını incəsənət, mədəniyyət və yeni ideyaların qlobal görüş nöqtəsinə çevirməyi hədəfləyir. Festival tamaşaçıları yalnız incəsənətlə tanış olmağa deyil, həm də Bakını yeni gözlərlə kəşf etməyə dəvət edir. Festivalda iştirak üçün qeydiyyat həm tətbiq, həm də rəsmi sayt üzərindən mümkün olacaq.
Ətraflı məlumat: bakuartweekend.az



















