Almaniyanın Azərbaycanda yeni fəaliyyətə başlayan səfiri Dirk Lölke avqustun 11-də Bakıda yeni “Mercedes-Benz S-Class” modelinin təqdimat mərasimində qonaq olub. Təqdimat paytaxtdakı yeni “Mercedes-Benz” diler mərkəzində keçirilib.
Bu barədə Almaniya səfirliyi məlumat yayıb.
Tədbirdə çıxışı zamanı səfir Lölke innovasiyanın, texnoloji tərəqqinin və Almaniya ilə Azərbaycan arasında uzunmüddətli və sıx əlaqələrin əhəmiyyətini qeyd edib.
“Alman mühəndisliyi, müasir dizayn və qabaqcıl avtomobil texnologiyalarının bir araya gəldiyi xüsusi bir təqdimat gecəsi” – məlumatda vurğulanır.
***
“Azərbaycanın logistika gələcəyinə maraqlı bir baxış!” – Almaniya səfirliyinin sosial media hesabındakı bu paylaşım isə səfir Dirk Lölkenin Bakıda yük aviadaşıyıcısı “SilkWay Group”a tanışlıq ziyarəti haqqındadır.
Diplomat bu görüş zamanı qlobal hava yükdaşımalarının inkişafı və Azərbaycanın bu sahədəki rolu barədə dəyərli məlumatlar əldə etdiyini bildirib: “Ələt Azad İqtisadi Zonasında həyata keçirilən yeni karqo hava limanı layihəsi xüsusilə diqqətimi çəkdi. Avropa ilə Asiyanı birləşdirən logistika qovşağı kimi bu layihə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər. Ənənəvi olaraq Frankfurt-Hahn Hava Limanı ilə mövcud olan sıx əlaqələr də bu baxımdan maraqlı bir nümunədir”.
“Möhkəm, müasir və etibarlı infrastruktur güclü və davamlı iqtisadi əlaqələrin əsasını təşkil edir”, – deyə səfir təəssüratını ifadə edib.






















