Avqustun 12-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin (1926–2007) anadan olmasının 100 illik yubileyi tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb.
Kitabxanadan bildirilib ki, vəsait Xalq şairi Qabilin həyat və yaradıcılığının geniş oxucu kütləsinə, xüsusilə gənclərə daha ətraflı tanıdılması, şairin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə tərtib edilib. Vəsait kitabxana əməkdaşları, müəllimlər, tələbələr, tədqiqatçılar və ədəbiyyatla maraqlanan oxucular üçün Qabil yaradıcılığı ilə bağlı tədbirlərin, sərgilərin, ədəbi-bədii gecələrin və digər maarifləndirici layihələrin hazırlanmasında faydalı mənbə kimi nəzərdə tutulub.
Metodiki vəsaitdə Qabilin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatındakı mövqeyi, poetik irsi və yaradıcılığının əsas istiqamətləri haqqında məlumatlar təqdim olunub. Vəsaitdə Xalq yazıçısı Elçinin “Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz”, akademik Rafael Hüseynovun “Əvəzsiz şairin əvəz etdiyi misra və dəyişməsi çətin olan həqiqətlər”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Unudulmaz Qabilimiz” məqalələrinin tam mətni verilib.
Vəsaitdə Qabilin əsərlərinin təbliği və oxuculara çatdırılması istiqamətində kitabxanalarda keçirilə biləcək tədbirlərə dair, eləcə də bu mövzuda elektron məlumat bazalarının hazırlanması istiqamətində təklif və tövsiyələr təqdim də edilib.
Xalq şairi Qabilin 100 illik yubileyi münasibətilə hazırlanan metodiki vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.



















