Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-27 oktyabr tarixlərində regionun ən böyük kitab festivalı – XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Ənənəvi məkanında – Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək sərgi bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub. 

Sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın artırılması və onların faydalı vərdişlərə təşviq olunması məqsədi daşıyır.

Bakı sərgisi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.

Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.

Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: bakubookfair@culture.az

Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.