İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.

Prezidentlər görüşdə çıxış ediblər.

Prezident İlham Əliyevin nitqi 

- Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli həmkarlar.

Əvvəlcə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün dəvətə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm. Mən dünəndən Qırğızıstanda səfərdəyəm və ilk növbədə ölkənin sosial-iqtisadi inkişafında böyük uğurlara, həmçinin İssık-Kul gölünün ətrafındakı ərazinin necə dəyişməsinə, kurorta və beynəlxalq səviyyəli turizm istiqamətinə çevrilməsinə görə Qırğızıstan Prezidentini bir daha təbrik etmək istərdim.

Eyni zamanda, Qırğızıstanda dövlət səfərindəyəm. Bu gün həmkarım Sadır Nurqojoyeviç ilə ikitərəfli qarşılıqlı fəaliyyətimizin geniş gündəliyinə dair ətraflı müzakirələr apardıq. İkitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfi imzalandı. Amma imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir.

Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür.

Biz, həmçinin çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan tərəfindən inşa edilib. “Bakı” hoteli qonaqları qəbul etməyə hazırdır və şadam ki, biz bu böyük turizm mərkəzinin açılışında birlikdə iştirak edəcəyik.

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.

Həmçinin qeyd etmək istərdim ki, mən bu formatın tamhüquqlu üzvü qismində məşvərət görüşündə ilk dəfədir iştirak edirəm. Mərkəzi Asiyanın bütün dövlət başçılarına Azərbaycanın bu qrupun tamformatlı tərkibinə daxil edilməsinə dair keçən il Özbəkistanda qəbul edilmiş tarixi qərara görə bir daha minnətdarlığımı bildirmək istərdim. Bu görüşə qədər mən fəxri qonaq qismində qatılırdım, indi isə komandanın tamhüquqlu üzvü kimi iştirak edirəm.

Bütün həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığı daha da inkişaf etdirmək, ölkələrimizi və xalqlarımızı daha sıx yaxınlaşdırmaq üçün bütün səylərini göstərəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

***

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.

***

Çolpon-Ata Bəyannaməsi haqqında

Bu gün qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amillərdən hesab olunur.

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət görüşündə imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.

Tarixi-mədəni irs və beynəlxalq hüququn prinsipləri

Çolpon-Ata Bəyannaməsinin əsas müddəaları Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın mövcud səviyyəsini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi sənəd kimi çıxış edir. Bəyannamədə, ilk növbədə, tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması təsadüfi deyil. Bu müddəa göstərir ki, əməkdaşlıq yalnız cari siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Bəyannamədə beynəlxalq hüququn fundamental prinsiplərinə - suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyin bir daha təsdiq olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu prinsiplər müasir beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edir və regionda qarşılıqlı etimadın qorunmasına xidmət göstərir.

Sənəddə regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verdiyi qeyd olunur. Bu isə göstərir ki, tərəflər iqtisadi inkişafın, təhlükəsizliyin və sosial rifahın təmin edilməsini yalnız birgə fəaliyyət nəticəsində mümkün hesab edirlər. Müasir geosiyasi şəraitdə regional əməkdaşlıq təkcə iqtisadi üstünlüklər yaratmır, eyni zamanda, siyasi sabitliyin qorunmasına, yeni çağırışlara qarşı koordinasiyalı fəaliyyətin təmin edilməsinə və dövlətlər arasında etimad mühitinin möhkəmlənməsinə xidmət göstərir. Bəyannamədə ölkələr arasında formalaşmış yüksək siyasi etimadın və mehriban qonşuluq münasibətlərinin xüsusi qiymətləndirilməsi də məhz bu yanaşmanın təzahürüdür.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi təqdir olunması isə ölkəmizin regionun ayrılmaz tərəfdaşı kimi qəbul edilməsinin göstəricisidir. Bu status Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu və ölkənin regional qərarların qəbulunda mühüm rol oynadığını nümayiş etdirir. Həmçinin bu, Azərbaycanın Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə dəstəkləndiyinin təsdiqidir.

Bəyannamədə, həmçinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsi barədə iradə ifadə olunur. Qarşılıqlı etimad mühiti siyasi dialoqun davamlılığı, iqtisadi layihələrin uğurla həyata keçirilməsi və regional problemlərin sülh yolu ilə həlli üçün mühüm zəmin yaradır.

Ticarət, investisiya və nəqliyyat-logistika əməkdaşlığı

Dövlət başçılarının müntəzəm siyasi dialoqun və praktiki əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan etmələri münasibətləri institusional əsasda genişləndirmək niyyətindən xəbər verir. Bu çərçivədə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Bəyannamənin mühüm istiqamətlərindən biridir. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən biri kimi rolunu daha da gücləndirir. Bu marşrut yükdaşımaların sürətləndirilməsinə, beynəlxalq ticarətin genişlənməsinə və region ölkələrinin qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasına mühüm töhfə verir. Digər alternativ nəqliyyat marşrutlarının əlaqələndirilməsi isə regionun logistika imkanlarını daha da artıracaq.

Energetika sahəsində əməkdaşlığın, xüsusilə yaşıl enerji istiqamətinin ön plana çıxarılması qlobal enerji keçidi prosesində tərəflərin ortaq maraqlarını əks etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Mərkəzi Asiya dövlətlərinin isə zəngin enerji potensialı gələcəkdə bu istiqamətdə genişmiqyaslı regional əməkdaşlıq üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi regionun iqtisadi dayanıqlılığını artıracaq mühüm amillərdəndir.

Bəyannamədə rəqəmsallaşma, innovasiya, elm və texnika, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi də xüsusi vurğulanır. Bu istiqamətlər müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətini müəyyənləşdirən əsas amillərdən hesab olunur. Elmi biliklərin mübadiləsi, innovativ layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqi region ölkələrinin davamlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının gücləndirilməsinə mühüm töhfə verə bilər.

Regional təhlükəsizlik daha da gücləndirilir

Regional əməkdaşlığın dayanıqlı və uzunmüddətli xarakter daşıması üçün təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur. Bu baxımdan Çolpon-Ata Bəyannaməsində regional təhlükəsizliyə təhdid yaradan çağırışlara qarşı birgə mübarizə məsələlərinə xüsusi yer verilib. Bəyannamədə terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər təhlükələrə qarşı birgə mübarizənin vacibliyinin vurğulanması regional təhlükəsizlik məsələlərinin prioritet istiqamətlərdən biri olduğunu növbəti dəfə təsdiqləyir.

Bu təhdidlər ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə regionun təhlükəsizliyinə təsir göstərdiyindən onların aradan qaldırılması yalnız koordinasiyalı fəaliyyət və qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür. Bu baxımdan təhlükəsizlik sahəsində informasiya mübadiləsinin, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Humanitar əməkdaşlıq və turizm əlaqələri diqqət mərkəzində

Bəyannamədə humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalar isə xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin yalnız siyasi səviyyədə deyil, cəmiyyətlər arasında da dərinləşməsinə xidmət edir. Xüsusilə universitetlər, elmi-tədqiqat və analitik mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsi yeni elmi layihələrin həyata keçirilməsinə, mütəxəssis hazırlığının gücləndirilməsinə və ortaq elmi platformaların formalaşmasına şərait yarada bilər.

Sənəddə mədəni və sivilizasiya müxtəlifliyinin, tarixi ənənələrin və mənəvi irsin qorunmasına verilən önəm də xüsusi diqqət çəkir. Bu yanaşma göstərir ki, tərəflər inteqrasiya prosesini milli kimliklərin və mədəni müxtəlifliyin qorunması prinsipi əsasında inkişaf etdirmək niyyətindədirlər. Belə yanaşma region xalqları arasında qarşılıqlı hörmətin və tolerantlığın daha da möhkəmlənməsinə xidmət edir.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və regionun turizm cəlbediciliyinin artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənməsi isə iqtisadi əməkdaşlıqla yanaşı, xalqlar arasında birbaşa əlaqələrin inkişafına da mühüm töhfə verəcək.

Beləliklə, qeyd etmək olar ki, Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirir. Sənəddə əksini tapan müddəalar siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və humanitar əlaqələrin inkişafına xidmət etməklə yanaşı, regionda uzunmüddətli sülh, sabitlik və davamlı inkişaf üçün möhkəm əsas yaradır.