Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanına əsasən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” adı altında yenidən təşkil edilir.

Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Fərmanla “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Nizamnamənin 1-ci bəndində qeyd edilir ki, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.

***

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

Azərbaycan Respublikasının strateji maraqları baxımından beynəlxalq gündəlikdə duran məsələlərə, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə və xarici dövlətlərlə münasibətlərinə dair araşdırmalar aparmaq;

dünyada və regionda baş verən münaqişələr, habelə siyasi, ictimai, hüquqi, iqtisadi və digər proseslərlə bağlı problemləri öyrənmək, elmi tədqiqatını və təhlilini həyata keçirmək, onları proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə araşdırmalar aparmaq, qeyd olunan sahələrdə elmi-analitik, proqnoz xarakterli təkliflər və onların həlli yollarına dair təkliflər hazırlamaq;

beynəlxalq münasibətlər, regional proseslər və multikulturalizm sahəsində elmi-analitik tədqiqatların inkişafını təmin etmək;

dünyada və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etmək;

Azərbaycan Respublikasında və xaricdə multikulturalizm siyasətinin, etnik, dini və mədəni müxtəlifliyin qorunması və inkişafı sahəsində mövcud təcrübəni öyrənmək, habelə bu sahədə elmi-analitik tədqiqatlar aparmaq və beynəlxalq təcrübəni təhlil etmək;

Azərbaycan Respublikasının dövlət orqanlarını (qurumlarını) elmi-təhlili materiallarla təmin etmək;

Azərbaycan Respublikasının multikulturalizm modelinin, habelə mövcud xarici multikulturalizm modellərinin tədqiqini həyata keçirmək, onların müqayisəli təhlilini aparmaq və Azərbaycan Respublikasını dünyada multikulturalizm mərkəzi kimi tanıtmağa yönəlmiş tədbirlər həyata keçirmək.

***

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.