Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də “Sözün həsrəti – Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub.
Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan Əsgərlidir.
Səhnə işində Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və Emin Sevdimalıyeva Şəhriyar poeziyasından nümunələr qiraət ediblər.
Bədii qiraətçilərlə yanaşı Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara) ifasında təqdim olunan musiqi parçaları da alqışlarla qarşılanıb.























