95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Bakının Pirallahı rayonundakı Gənclər Evində reallaşdırıb.

Teatrın qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır.

Bu barədə teatrdan məlumat verilib.

Tədbiri giriş sözləri ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov teatrı ölkəmizin mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək, bu cür tədbirlərin rayonun mədəni inkişafına töhfə verdiyini bildirib. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində rolunu vurğulayıb.

14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli irsimizin təbliğinin dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, ölkəmizin qocaman teatr ocaqlarından olan Azərbaycan Dövlət Kukla Teatrının zəngin yaradıcılıq ənənələrinə diqqət çəkib. Millət vəkili təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələrin, o cümlədən teatr tamaşalarının təşkilinə hər zaman dəstək verdiyini bildirərək, bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin "Dovşanın ad günü" nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən tamaşa Pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, çoxsaylı balaca teatrsevərlər, o cümlədən şəhid ailələrinin övladları iştirak ediblər.

Tamaşanın quruluşçu rejiisoru Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli kukla tamaşasında obrazları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.