Teatrşünas Çingiz Ələsgərliyə açıq məktub
Bu günlərdə teatrşünas Çingiz Ələsgərlinin Kulis.az-da dərc olunan müsahibəsini oxuduqdan sonra məndə belə bir təəssürat yaranır ki, müəllif Azərbaycan teatrının problemlərini təhlil etməkdən daha çox, şəxsi narazılıqlarını ictimai problem kimi təqdim etməyə çalışır. Halbuki bu iki anlayış arasında ciddi fərqlər var.
İlk öncə qeyd etməliyəm ki, heç kim Çingiz Ələsgərlinin teatr sahəsində uzun illər fəaliyyət göstərdiyini inkar etmir. Onun dramaturgiya sahəsində zəhməti də danılmazdır. Lakin uzun illər çalışmaq insanı avtomatik olaraq hər məsələdə mütləq həqiqətin sahibi də etmək demək deyildir.
Müsahibənin əsas tezislərindən biri budur ki, bu gün Azərbaycanda hadisəyə çevrilən tamaşa yoxdur. Sizcə bu, olduqca iddialı fikir deyilmi? Düşünürəm ki, belə bir hökmü vermək üçün şəxsi zövq kifayət etmir. Teatr yalnız bir nəfərin estetik baxışı ilə qiymətləndirilməməlidir. Tamaşanın uğuru onun festivallardakı iştirakı, peşəkar rəylər, tamaşaçı marağı və teatr mühitində yaratdığı müzakirələrlə müəyyən olunur. Qənaətimə görə isə “Heç biri hadisə deyil” demək isə arqument deyil, ümumiləşdirmədir.
Eyni yanaşma Mehriban Ələkbərzadə haqqında söylənilən fikirlərdə də açıq-aydın və bir qədər də qərəzli formada şəxsi maraqlar çərçivəsi aydın şəkildə görünməkdədir. “Mehriban Ələkbərzadə teatrı” ifadəsinin işlədilə bilməyəcəyini söyləmək şəxsi qənaət ola bilər, amma bunu dəyişməz həqiqət kimi təqdim etməyin özü belə düzgün deyil.
Tarix illərlə yazılır, tarix qiymət verir illərə. Tarix göstərir ki, rejissor məktəbi bir neçə mövsümdə deyil, onilliklər ərzində formalaşır. Ədil İsgəndərovu, Mehdi Məmmədovu və Tofiq Kazımovu bugünkü rejissorlarla eyni zaman ölçüsündə müqayisə etmək metodoloji baxımdan doğru yanaşma forması deyil. Həmçinin qeyd etməliyəm ki, onların böyüklüyünü də zamanın özü təsdiqləyib.
Son illər bəzi çevrələrdə “Mehriban Ələkbərzadə məktəbi yoxdur” fikri səsləndirilir. Halbuki bu iddia daha çox şəxsi mövqeyə söykənir və teatrşünaslıq meyarları ilə tam üst-üstə düşmür. Çünki rejissor məktəbi anlayışı yalnız zaman faktoru ilə ölçülmür. Onu müəyyən edən əsas meyar rejissorun sənət düşüncəsinin ardıcıllığı, estetik xətti, aktyorla işləmə prinsipi və yaratdığı yaradıcılıq mühitidir.
Mehriban Ələkbərzadə Azərbaycan teatr məkanında təsadüfi yaranmış rejissor deyil. O, Mehdi Məmmədovun rejissorluq məktəbinin yetirməsi kimi peşəkar təhsil alıb, tələbəlik illərindən Akademik Milli Dram Teatrında mürəkkəb dramaturji materiallara müraciət edib, daha sonra Lənkəran Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında, Yuğ Teatrında, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında və digər sənət ocaqlarında ardıcıl fəaliyyət göstərib. Onun yaradıcılığı təsadüfi uğurlar deyil, onilliklər boyu davam edən peşəkar inkişaf xəttidir.
Mehriban Ələkbərzadənin tamaşalarında ilk diqqət çəkən cəhət psixoloji teatr estetikasına üstünlük verməsidir. Onun quruluşlarında xarici effektlərdən daha çox obrazın daxili aləmi, insanın mənəvi dramı və aktyorun psixoloji transformasiyası əsas yer tutur. Bu yanaşma təsadüfi deyil, ardıcıl olaraq müxtəlif tamaşalarında qorunan yaradıcılıq prinsipidir.
İkinci mühüm xüsusiyyət klassik və müasir dramaturgiyanın müasir teatr dili ilə təqdim edilməsidir. Mehriban Ələkbərzadə klassik mətnə muzey eksponatı kimi yanaşmır. O, müəllif mətnini qorumaqla yanaşı, onu bugünkü tamaşaçı üçün aktual estetik müstəviyə gətirməyə çalışır. Məhz bu xüsusiyyət müasir rejissor məktəblərinin əsas əlamətlərindən biri hesab edilir.
Üçüncü mühüm meyar aktyor məktəbidir. Rejissorun məktəbi yalnız onun tamaşaları ilə deyil, yetişdirdiyi aktyorların yaradıcılığında da görünür. Mehriban Ələkbərzadənin müxtəlif teatrlarda işlədiyi aktyorların ifasında eyni psixoloji dəqiqlik, daxili intizam, emosional həqiqət və səhnə mədəniyyəti müşahidə olunur. Bu isə təsadüfi deyil, vahid yaradıcı metodun nəticəsidir.
Dördüncü arqument onun rəhbərlik etdiyi teatr mühitidir. Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunduqdan sonra repertuarın yenilənməsi, yaradıcı atmosferin dəyişdirilməsi, yeni layihələrin hazırlanması və teatrın inkişaf konsepsiyası ilə bağlı ardıcıl fəaliyyət göstərildiyi barədə özü də müsahibələrində dəfələrlə danışıb. Qeyd etməliyəm ki, əlbəttə bu, yalnız tamaşa hazırlamaq deyil, həm də xüsusi ilə teatr düşüncəsini formalaşdırmaq cəhdidir.
Rejissor məktəbi haqqında danışarkən vacib bir həqiqəti də unutmaq olmaz. Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovun məktəbləri onların yaşadıqları dövrdə deyil, zaman keçdikcə teatrşünaslar tərəfindən təsdiq edildi. Unutmayaq ki, tarixi qiymət heç vaxt müəllifin fəaliyyəti davam edərkən tam formalaşmır. Bu baxımdan “Mehriban Ələkbərzadə məktəbi yoxdur” hökmü elmi nəticədən çox şəxsi qənaət kimi görünür.
Əgər rejissorun özünəməxsus estetikası, aktyorla işləmə metodu, repertuar seçimi, səhnə dili, uzunmüddətli yaradıcılıq fəaliyyəti və teatr idarəçiliyində konseptual baxışı varsa, bu artıq məktəbin ilkin əlamətləridir. Mehriban Ələkbərzadənin yaradıcılığı bu meyarların əksəriyyətinə cavab verir. Deməli, “Mehriban Ələkbərzadə məktəbi yoxdur” demək üçün elmi əsas yetərli deyil. Əksinə, mövcud faktlar göstərir ki, onun uzun illər ərzində formalaşdırdığı estetik baxış, psixoloji teatr modeli, aktyorla işləmə prinsipləri və teatr idarəçiliyinə yanaşması ayrıca yaradıcılıq xətti kimi qiymətləndirilə bilər. Bu məktəbin Azərbaycan teatr tarixində hansı səviyyədə yer tutacağında isə son sözü zaman və teatrşünaslıq elmi əsasları ilə deyəcək.
Müsahibədə ən çox diqqət çəkən məqamlardan biri də budur ki, teatrın problemləri ilə şəxsi məişət məsələləri eyni müstəvidə təqdim edilir. İşdən çıxarılmaq, fəxri ad almamaq, mənzillə təmin olunmamaq və iş tapmamaq kimi məsələlər əlbəttə ki, insan üçün ağrılı ola bilər. Ancaq bunlar Azərbaycan teatrının bədii səviyyəsinin göstəricisi deyil. Tam məsuliyyəti ilə deyə bilərəm ki, şəxsi narazılığı ümumi mədəniyyət siyasətinin əsas arqumentinə çevirmək obyektiv təhlil sayıla bilməz.
Müsahibənin başqa bir ziddiyyətli tərəfi gənc dramaturqlarla bağlı fikirlərdir. Bir tərəfdən müəllif müsabiqəyə təqdim olunan əsərlərin əksəriyyətini zəif hesab edir, digər tərəfdən teatrın gələcəyini həmin gənclərin üzərində qurur. Çingiz Ələsgərli gənc dramaturqların böyük əksəriyyətinin zəif yazdığını deyir. Ola bilər ki, təqdim olunan əsərlərin bir hissəsi doğrudan da peşəkar səviyyədə olmasın. Amma həmin gənclər də bir vaxtlar onun nəslinin keçdiyi inkişaf yolunu keçir. Maraqlıdır ki, bir tərəfdən gənclərin hazırlıqsız olduğunu bildirən müəllif, digər tərəfdən teatrın gələcəyini məhz həmin gənclərlə bağlayır. Bu ziddiyyət müsahibədə özlüyündə cavabsız qalır.
Yaş məsələsinə gəldikdə isə təcrübənin qorunması vacibdir. Lakin dünyanın bütün teatrlarında nəsillərin dəyişməsi təbii prosesdir. Təcrübəli sənətkarların məsləhətçi, müəllim və ekspert kimi fəaliyyət göstərməsi mümkündür və bir çox hallarda daha səmərəlidir. Gənclərə yer açmaq təcrübəni inkar etmək demək deyil. Əgər yeni nəslə bu qədər inamsızlıq varsa, gələcəyə ümid nəyə əsaslanır? Əgər ümid varsa, onda gənclərin yalnız tənqidə deyil, dəstəyə və peşəkar mentorluğa ehtiyacı olduğu da qəbul edilməlidir. Və bu mövzuda sonda belə bir sual yaranır. Çox hörmətli Çingiz Ələsgərli 50 illik fəaliyyətində dramaturq olaraq gəncləri öz məktəbində yetişdirə bilibmi?
Fəxri ad məsələsi də ayrıca müzakirə tələb edir. Fəxri ad heç vaxt yalnız xidmət illərinin hesabı olmayıb. Əgər belə olsaydı, eyni müddət işləyən hər kəs eyni ada layiq görülərdi. Yaradıcılığın ictimai təsiri, sənətə gətirilən yenilik, peşəkar nüfuz və digər meyarlar da nəzərə alınır. Ona görə də “50 il işləmişəm, deməli, fəxri ad almalıyam” məntiqi hüquqi və mənəvi baxımdan əsaslandırılmış mövqe hesab oluna bilməz.
Müsahibədə diqqət çəkən başqa bir məqam isə budur ki, müəllif bir çox həmkarlarını, qurumları və rəhbərləri tənqid edir, lakin öz yaradıcılığı haqqında səsləndirdiyi iddiaların müzakirəsinə açıq görünmür. Halbuki teatr dialoq sənətidir. Tənqid birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan teatrının problemləri var və bunu heç kim inkar etmir. Kadr hazırlığı, dramaturgiyanın inkişafı, repertuar siyasəti və idarəetmə modeli daim müzakirə olunmalıdır. Ancaq bu problemləri şəxsi incikliklərin prizmasından qiymətləndirmək nə teatrın inkişafına xidmət edir, nə də sağlam ictimai müzakirəyə əsaslanır.
Teatr emosiyaların deyil, arqumentlərin sənətidir. Onun gələcəyi də məhz faktlara söykənən müzakirələrdən keçir. Məhz buna görə də bir mənalı şəkildə qeyd etməliyəm ki, teatrın taleyi emosiyalarla deyil, arqumentlərlə həll olunur. Çingiz Ələsgərlinin Kulis.az-da dərc olunan müsahibəsi ilk baxışdan Azərbaycan teatrının problemlərinə həsr olunmuş səmimi söhbət təsiri bağışlayır. Lakin mətni diqqətlə oxuduqda məlum olur ki, burada teatrın problemlərinin obyektiv təhlilindən daha çox, müəllifin şəxsi narazılıqları ön plana çıxır. Bu isə istər-istəməz oxucuda sual yaradır: söhbət doğrudanmı teatrın taleyindən gedir, yoxsa şəxsi incikliklər ictimai problem kimi təqdim olunur?
Məhz buna görə də Azərbaycan teatrının gələcəyi haqqında danışarkən keçmişə nostalji ilə baxmaq kifayət etmir. Gələcək yalnız yeni ideyalara, yeni insanlara və köhnə təcrübənin müasir düşüncə ilə qovuşmasına açıq olan mühitdə qurula bilər.
Məntiqi nəticə ilə qeyd etmək istərdim ki, çox hörmətli Çingiz Ələsgərli, teatrların inkişafı kiminsə şəxsi məyusluğunun deyil, bütöv sənət cameəsinin ortaq məsuliyyətinin nəticəsi olmalıdır. Teatr emosiyaların deyil, düşüncənin və arqumentin sənətidir. Onun inkişafına xidmət edən də qarşılıqlı ittihamlarla deyil, sağlam polemika, obyektiv tənqid və yaradıcı dialoq əsasında qurulmalıdır. Müsahibənizdə səsləndirdiyiniz fikirlər isə, təəssüflər olsun ki, bu kimi sağlam polemika, obyektiv tənqid və yaradıcı dialoqdan uzaqdır.
Anar Ərtoğrul Burcəliyev
teatrşünas-tənqidçi



















