Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyul tarixlərində növbəti Vaqif Poeziya Günləri keçiriləcək.
Nazirlikdən bildirilib ki, “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.
Poeziya bayramı iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanacaq, iyulun 17-də isə mədəniyyət paytaxtımız Şuşada davam edəcək.
Molla Pənah Vaqifin Muzey-məqbərə kompleksi önündə keçiriləcək açılış mərasimində rəsm hissədən sonra Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu – "Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş etdiriləcək.
Poeziya günləri çərçivəsində M.P.Vaqifin yaradıcılığına və Azərbaycan klassik poeziyasına həsr olunmuş bədii kompozisiyalar, musiqi proqramları təqdim ediləcək və ədəbi tədbirlər keçiriləcək.
Builki Poeziya günlərində yeniliklər də olacaq. Şuşada “Kitab dayanacağı” köşkü istifadəyə veriləcək. Eyni zamanda TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalı Şuşada təşkil olunacaq.
Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da proqramda yer alıb.
Vaqif Poeziya Günlərinin son günü Azərbaycan və ümumtürk ədəbi irsinin görkəmli nümayəndələrinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçiriləcək, Məhəmmədhüseyn Şəhriyarın 120 illiyinə ithaf olunan “Sözün həsrəti – "Heydərbabaya salam” bədii-musiqili kompozisiyası təqdim ediləcək.
Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı konsert proqramı ilə yekunlaşacaq.
Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı bağlı prioritet hədəflər kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin tarixdə Ulu Öndərin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində (2020) Şuşa şəhəri işğaldan azad olunduqdan sonra, 2021-ci ildən etibarən Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında təşkil edilir.



















