Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında rus şair-dramatirqu Samuil Marşakın (1887–1964) “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqləri başlanıb.
Teatrdan bildirilib ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Nəsibə Canəliyeva, xoreoqrafı Vüsalə Babayevadır.
Tamaşada Günel Məmmədova, Elşən Şıxəliyev, Mətləb Abuşov, Araz Pirimov, Nuranə Vaqifqızı, Zümrüd Quliyeva, Hüseyn Bayramov, Venera Abbasova, Tahir İsmayılov, Xaliq Bəkirov, Ümman Budaqov, Asya Atakişiyeva və Aygün Fətullayeva rol alıblar.
Tamaşa azyaşlılara dostluğu, xeyirxahlığı müsbət keyfiyyətlər kimi aşılayaraq, lovğalığın, təkəbbürün zərərverici xüsusiyyətlər olmasını göstərir. Həyatda var-dövlətin əbədi olmadığını təqdim edən səhnə əsəri ibrətamiz mesajları ilə bu günlə də səsləşir, aktuallığını qoruyur.























