Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov 15-16 iyun tarixlərində Lüksemburqda keçirilən Avropa Milli Kitabxanaları Konfransının (The Conference of European National Librarians – CENL) 40-cı illik iclasında iştirak edib.

Milli Kitabxanandan bildirilib ki, iclas çərçivəsində təşkilatın fəaliyyətinə dair hesabatlar dinlənilib, kitabxanalarda süni intellektin tətbiqi, oxucu auditoriyalarının inkişafı, bərabərlik, müxtəliflik və inklüzivlik, eləcə də milli kitabxanaların istifadəçi məkanları və xidmətləri ilə bağlı məsələlər müzakirə olunub. Rəqəmsal dövrdə çoxdilli mədəni irs məlumatlarının qorunması və onların süni intellektə hazırlıqlı Avropanın formalaşmasındakı rolu mövzularında təqdimatlar keçirilib.

İclas çərçivəsində professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası”, “Tükənməz xəzinə”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları, həmçinin Azərbaycan xəritəsini Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conterə təqdim edib.

Görüş zamanı kitabxanalar arasında əməkdaşlıq əlaqələri və gələcək birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir CENL-in prezidenti Frank Scholzenin yekun nitqi ilə başa çatıb. Həmçinin 2027-ci ildə keçiriləcək növbəti illik iclasın ev sahibi qismində İsveç Milli Kitabxanası ilə bağlı təqdimat olub.