Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən 21 may – 10 iyun tarixlərində təşkil olunan 17-ci Beynəlxalq İstanbul Opera və Balet Festivalında Azərbaycan sənətçiləri də iştirak ediblər.
Atatürk Mədəniyyət Mərkəzində və Kadıköy Bələdiyyəsi Süreyya Opera Teatrında sənətsevərləri bir araya gətirən festivalda ümumilikdə 22 təqdimat olub.
Təşkilatçıların verdiyi məlumata görə, festival çərçivəsində 5-6 iyun tarixlərində C.Verdinin “Traviata” operası İstanbul Dövlət Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sənətçilərinin iştirakı ilə nümayiş olunub. Tamaşada Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artistlər İnarə Babayeva (soprano) və Ramil Qasımov (tenor) səhnəyə çıxıblar.
Atatürk Mədəniyyət Mərkəzində iki axşam təqdim olunan operada Violetta rolunu İnarə Babayeva (5 iyun) və Evren Işık Yasemin, Alfredo rolunu Mert Süngü ve Ramil Qasimov (6 iyun) bölüşüblər. İstanbul Dövlət Opera və Baleti Teatrı orkestrinin dirijor pultu arxasına isə növbə ilə Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev və Zdravko Lazarov keçiblər. Tamaşanın rejissoru Receb Ayyılmaz olub.
Festival çərçivəsində 7-ci İstanbul Beynəlxalq Balet Müsabiqəsi də təşkil edilib. Müsabiqənin final gecəsi, mükafatlandırma mərasimi və qala proqramı gənc rəqqaslara beynəlxalq platforma təqdim edib.






















