Prezident İlham Əliyev iyunun 10-da "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Fərman Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır.

Fərmanla Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan bir sıra qurumların əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində eyniadlı büdcə təşkilatlarının yaradılacaq, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində bir sıra qurumların fəaliyyəti yenidən təşkil ediləcək, “Bakımənzilkommunlayihə” Layihə İnstitutu ləğv ediləcək.

Bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib.

Həmçinin Nazirlər Kabinetinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksinin və Bakı Şəhər Bələdiyyə Teatrının bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsini təmin etmək tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi çərçivəsində bir sıra ştatların ixtisar olunması da nəzərdə tutulur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görmək tapşırılıb.