AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Xəzər Universiteti və Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) birgə təşkilatçılığı ilə iyunun 8-də dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “Xaqani Şirvani 900 – sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.

Xəzər Universitetinin konfrans zalında təşkil olunan tədbirdə giriş sözü söyləyən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru fil.ü.f.d. Fəridə Seyidova konfransın elmi və mədəni əhəmiyyətini vurğulayıb. Bildirib ki, Xaqani irsinin yenidən və müasir baxış bucağı altında araşdırılması ədəbiyyatşünaslığımız üçün mühüm hadisədir.

Əlyazmalar İnstitutunun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli çıxışında klassik irsimizin öyrənilməsində bu cür konfransların önəmini vurğulayıb. Xaqani yaradıcılığının təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Şərq söz sənətinin zirvələrindən biri olduğunu diqqətə çatdıran elmi katib dahi şairin əsərlərinin yalnız yüksək bədii-estetik keyfiyyətləri ilə deyil, həm də zəngin ictimai-mədəni məzmunu, intellektual tutumu və irfani qatları ilə seçildiyini deyib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri fil.e.d., professor İmamverdi Həmidovun “Xaqani Şirvaninin ərəbdilli yaradıcılığı” və həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d. Elnarə Zeynalovanın “Xaqaninin əsərlərinin ilk tərcüməçiləri” mövzularında məruzələri dinlənilib.

Sonra konfrans bölmə iclasları ilə işinə davam edib. Mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, mədəniyyətşünaslıq, fəlsəfə və teologiya bölmələri üzrə məruzələr təqdim olunub. Məruzələr Xaqani Şirvaninin ədəbi irsi, onun yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılma coğrafiyası, dünya ədəbiyyatşünaslığında Xaqani yaradıcılığı və dahi şairin irsi ilə bağlı digər aktual mövzuları əhatə edib.

Sonda məruzəçilərə konfransda fəal iştiraka görə təşkilatçı qurumlar adından sertifikat təqdim edilib.