İyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib.

Tədbirdə rəsmilər, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, incəsənət xadimləri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

"SOY Production" şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva ekran işinin şirkətin nəzdində hazırlanmış üçüncü süni intellekt filmi olduğunu deyib.

"Burada real aktyorlar oynamasa da, real rejissor meydançada olmasa da, real operator işləməsə də, real səs rejissoru çalışmasa da, real qrim ustası aktyorları qrim etməsə də, film çox realdır. Bizim niyyətimiz Milli Qəhrəmanımız Natiq Qasımovun haqqını verməkdir. Natiq Qasımov Mingəçevirdə kinoteatrda kino mexaniki işləyib. Onun kinoya böyük marağı olub. Əminəm ki, bu gün onun ruhu bizimlədir. Filmin ərsəyə gəlməsində bizə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya minnətdarıq", - deyə D.Əliyeva bildirib.

Filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn Natiq Qasımovla bağlı film çəkməyin ən böyük arzularından biri olduğunu və bunu reallaşdıra bildiyi üçün qürurlandığını qeyd edib: "Natiq Qasımovla bağlı məlumatların bir çoxunu internet resurslarından əldə etdikdən sonra Mingəçevirə yola düşdüm. Qəhrəmanın ailə üzvləri mənə bu işdə çox dəstək oldular. Filmdəki bütün kadrlarda Xocalıdan götürülmüş səhnələr süni intellekt vasitəsilə daha real vəziyyətə gətirilib. Demək olar ki, 80 faiz səhnə bir reallığı əks etdirir. Süni intellektlə hissi ötürmək çətin olsa da, bunu etməyə çalışmışam. İnanıram ki, filmdə Natiq Qasımovun qəhrəmanlığını, şücaətini çatdıra bilmişəm".

Natiq Qasımovun beş gün beş gecə ac-susuz, köməksiz şəkildə müqəddəs amalını yerinə yetirdiyini diqqətə çatdıran filmin redaktoru Fariz Əliyev Azərbaycan xalqının onu Milli Qəhrəman kimi böyük ehtiramla yad etdiyini deyib: "Natiq Qasımovun həyat hekayəsinə nəzər salarkən qürurlanırıq ki, onun kimi neçə belə qəhrəmanla bir xalqın, bir torpağın nümayəndəsiyik. Həmin qəhrəmanlar bu gün bizim aramızda olmasalar da, onların uğrunda canlarını qurban verdikləri Vətən torpağı artıq bütövləşib. Bu cür oğulların hər biri ilə fəxr edirik".

Daha sonra film nümayiş olunub.