Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) 18 yaşlı Uğur Əkbərlinin “Şeytanla empatiya” qısametrajlı bədii və 16 yaşlı Məhəmməd Əliyevin “Nənəm” qısametrajlı sənədli filmləri nümayiş olunub.

Bu barədə AKİ məlumat yayıb.

Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçirilən tədbirdə gənclər onlara ünvanlanan sualları cavablandırıb, gələcəkdə rejissor kimi fəaliyyət göstərmək istədiklərini bildiriblər.

Rejissorlar Amil Amal, Zaur Muxtarov, Mətləb Muxtarov, ssenarist Pərviz Məmmədov, kinotənqdiçi Aygün Aslanlı və digər çıxış edənlər filmlərdəki müəyyən boşluqları diqqətə çatdırmaqla yanaşı, hər iki gəncin yaradıcı potensiala, fərqli baxışa malik olduqlarını söyləyib və onların vizual axtarışlarını yüksək qiymətləndiriblər.

“Şeytanla empatiya” cəmiyyətin basqısı, ondan gözləntilərin böyük olması səbəbindən mənəvi boşluğa düşən gəncin kimlik axtarışından, təsadüfi bir tanışlığın zaman keçdikcə, fərdi əlaqədən çıxaraq, miflərlə reallıq, azadlıqla ənənələr arasında mürəkkəb mübarizəyə çevrilməsindən bəhs edir.

“Nənəm” filmində rejissor nənəsinin ölümündən sonra onunla bağlı xatirələri yada salır və vidalaşmağa çalışır.

 Hər iki film eksperimental üslubda və müəlliflərin öz büdcələri hesabına çəkilib.