Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 31 may – 3 iyun tarixlərində "Uşaq dünyası" Musiqi Festivalı keçiriləcək.
İlk dəfə təşkil edilən festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onları böyük səhnəyə çıxarmaq və böyüklərlə birlikdə ortaq layihələr həyata keçirməkdir. Festival nəsillər arasında yaradıcı davamlılığın və sənət ənənələrinin gözəl bir körpüsüdür.
Bu barədə Dövlət Uşaq Filarmoniyasından məlumat verilib.
Festival çərçivəsində tamaşaçılar üçün rəngarəng konsert proqramları, maraqlı sərgilər və musiqili təqdimatlar təşkil olunacaq.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların da iştirak edəcəyi festival günlərində gənc istedadların, rəqs, vokal və instrumental kollektivlərin çıxışları tutulub.
Festivalın tədbirləri Dövlət Uşaq Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Bəstəkarlar İttifaqında, Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində keçiriləcək.
Təşkilatçılar hər kəsi musiqi, sənət və uşaqların yaradıcılıq enerjisi ilə zəngin festival atmosferini birlikdə yaşamağa dəvət edirlər.
"Uşaq dünyası" Musiqi Festivalının biletlərini iticket.az saytından əldə etmək olar.
























