Mayın 23-də Muzey Mərkəzində Bakı-İstanbul liseyi şagirdlərinin “Təbiətin fırça izi” adlı rəsm sərgisi açılıb.

Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq rəssamı Arif Hüseynov, liseyin rəhbərliyi, müəllimləri iştirak ediblər. 

Sərgidə liseyin 60 şagirdinin müxtəlif ölçü və texnikalarda əl işləri təqdim olunub.

Xalq rəssamı Arif Hüseynov çıxış edərək sərginin mahiyyətindən söhbət açıb, bu cür layihələrin uşaqlarda təsviri sənətə marağın təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Bakı-İstanbul liseyinin direktoru Səmayə Turabxanlı sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. 

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas Ziyarət Qəhrəmanova sərginin uşaqlar üçün necə önəmli olduğunu, onların estetiq zövqünü və bu sahəyə olan həvəsini daha da artırdığını vurğulayıb.

Tədbir-sərginin təşkilatçısı olan liseyin müəllimi, rəssam Reyhan Aslanova uşaqların qəlbindəki işığın təbiətdəki gözəlliklərlə vəhdətdə ərsəyə gətirdikləri əl işlərinin təqdim olunmasından söhbət açıb, sərginin reallaşmasına görə Mədəniyyət Nazirliyinə, Muzey Mərkəzinə və Bakı-İstanbul liseyinin rəhbərliyinə təşəkkür edib.

Sonra sərgiyə baxış keçirilib.

Təqdim edilən işlər təbiətin gözəlliklərindən ilhamlanaraq yaradılıb. Əl işləri şagirdlərin daxili aləmini, təsəvvürünü, dünyaya baxışını və incəsənətə olan həssas münasibətini dolğun şəkildə ifadə edir. Layihə uşaqların yaradıcılığını geniş auditoriyaya təqdim etməsinə imkan yaradır, onların gələcək inkişafı üçün motivasiya mənbəyinə çevrilir. Bu cür təşəbbüslər ölkədə uşaq və gənclərin mədəni inkişafına, incəsənətə olan marağın artmasına və yaradıcı düşüncənin təşviqinə mühüm töhfə verir.