Gəncə Dövlət Milli Dram Teatrında repertuar planına əsasən hazırlanan “Gülüstan” tamaşasının premyerası uğurla gerçəkləşib.
Teatrdan verilən məlumata görə, Azərbaycanın Zəfər salnaməsinin səhnə təcəssümü olan əsər real həyat həqiqətləri əsasında ərsəyə gəlib. Şanlı qələbəmizə, şəhidlərimizin əziz ruhuna, qazilərimizə ithaf olunan tamaşa teatra dəvət olunmuş gənc və istedadlı rejissor Fuad Cavadzadənin fərqli və maraqlı traktovkasında təqdim olunub.
Yeni yaradıcılıq işinin ərsəyə gəlməsində peşəkar heyət çalısıb.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik işləri tərtib edən Sübhan İbrahimov, məsləhətçisi Şahmar Məmmədovdur.
Yüksək vətənpərvərlik ruhu və dinamik ab-hava ilə seçilən səhnə əsərində Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov və Kəmalə Məmmədova, eləcə də 20 nəfərədək aktyor iştirak edir.
Premyera tamaşaçılar və mədəniyyət ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.


























