Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Ulu öndərin Azərbaycan mədəniyyətinə, xüsusilə musiqi sənətinə göstərdiyi misilsiz qayğıdan bəhs edib. O, Heydər Əliyevin musiqiçilərin ən yaxın dostu və himayədarı olduğunu vurğulayaraq, dahi rəhbərin uzaqgörən siyasəti sayəsində milli musiqi irsimizin beynəlxalq aləmdə tanındığını qeyd edib.
Konfransda musiqi nəzəriyyəsi və tarixi üzrə mütəxəssislərin məruzələri dinlənilib.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı "Heydər Əliyev və musiqi mədəniyyəti" mövzusunda məruzəsində dahi liderin estetik görüşlərini təhlil edib.
Fidan Nəsirova-Əhmədova "Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının V Qurultayı" mövzusunda məruzəsində tarixi faktlara və arxiv materiallarına nəzər salıb.
Bəstəkarlar İttifaqının Mətbuat xidmətinin rəhbəri Aysel Kərim "Milli musiqi mədəniyyətinin hamisi: Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı" mövzusunda çıxış edərək, ittifaqın fəaliyyətində Ulu öndərin rolunu vurğulayıb.
Tədbirin bədii hissəsində rəngarəng musiqi proqramı təqdim olunub.
İlk olaraq Ulu öndər Heydər Əliyevin öz səsində səslənən "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısının video-yazısı nümayiş olunub.
Proqramın davamında bəstəkar Azad Zahidin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Bayraq müqəddəsdir” əsəri (vokal: Cahangir Qurbanov) video-çarx formatında təqdim edilib.
Daha sonra bəstəkar İlahə Qismətin Ulu öndərin əziz xatirəsinə həsr etdiyi, solistlər, xor və orkestr üçün yazılmış “Sən dahisən” kompozisiyasının (video-yazı) təqdimatı olub. Əsər Arif Aslanovun bədii rəhbərliyi ilə “Avanqard” kamera orkestri və Azərbaycan Milli Konservatoriyasının tələbə xoru (xormeyster: Əməkdar müəllim Təranə Yusifova) tərəfindən ifa olunub. Kompozisiyanın solistləri Xalq artisti Heydər Anatollu, Orxan Cəlilov və müəllif özüdür.
Konfransın sonunda qeyd olunub ki, Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafı naminə qoyduğu zəngin irs bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

























