Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin IV kurs tələbələri 2025–2026-cı tədris ilinin yaz semestri çərçivəsində AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Bu barədə institutdan məlumat verilib.

Təcrübə tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərin müasir elmi yanaşmalar kontekstində tətbiqi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması məqsədilə təşkil olunub.

Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tələbələrlə görüşdə bildirib ki, folklor yalnız keçmişin mirası deyil, həm də bu günün ictimai-mədəni proseslərini anlamaq üçün mühüm mənbədir. O vurğulayıb ki, təcrübə müddətində ənənəvi nəzəri biliklərlə yanaşı, rəqəmsal transformasiyalar şəraitində formalaşan folklor mühitini nəzərə almaq, süni intellekt texnologiyaları, virtual sosial şəbəkələr və internet folkloru kontekstində sahə materialları və arxiv nümunələrinə müasir və kompleks tədqiqat yanaşması tətbiq etmək vacibdir.

Təcrübəçi tələbələrin təhkim olunduğu Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru Mətanət Abbasovaisə qeyd edib ki, təcrübə prosesi tələbələrin elmi mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, tələbələr təcrübə müddətində folklor mətnlərinin toplanması, təsnifatı və elmi işlənməsi prinsipləri ilə yaxından tanış olacaq, eyni zamanda, praktik araşdırma bacarıqlarını inkişaf etdirəcəklər.

Görüş zamanı tələbələri maraqlandıran məsələlər, o cümlədən folklorun toplanması, akademik prinsiplər əsasında araşdırılması və sistemləşdirilməsi istiqamətində müzakirələr aparılıb.