Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsi şəhidi Sənan Nizami oğlu Ağazadənin doğum günü münasibətilə ailəsini ziyarət ediblər.
Bu barədə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.
Görüş zamanı şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb, onun əziz xatirəsinin daim hörmət və ehtiramla yad edildiyi vurğulanıb.
Şəhidin xatirəsinə yaradılmış guşəyə baxış keçirilib. Guşədə Sənan Ağazadənin həyat və döyüş yolunu, xatirəsini əks etdirən fotolar, sənədlər yer alıb.
Şəhid Sənan Ağazadənin məzarı da ziyarət olunub, ruhuna dualar oxunub.
Ağazadə Sənan Nizami oğlu 2000-ci il mayın 1-də Lənkəran rayonun Göyşaban kəndində anadan olub. Lənkəran şəhər 6 saylı orta məktəbində təhsil alıb.
2019-cu ildə əsgərliyə gedib. Həqiqi hərbi xidmətdə olduğu zaman başlanan (27 sentyabr 2020-ci il) Vətən müharibəsində iştirak edib. Minaatan bölüyündə tuşlayıçı olan Sənan Ağazadə Füzuli rayonu ərazisində döyüşlərdə şücaət nümayiş etdirib, düşmənin hərbi texnikalarını məhv edib.
2020-ci il oktyabrın 14-də qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Mayın 1-də Vətən müharibəsi şəhidi Nurlan Əhliman oğlu Fərəməzovun doğum günü münasibətilə Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və bir qrup mədəniyyət işçisi onun ailəsi ilə görüş keçiriblər.
Lənkəran-Astara RMİ-dən verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhidin ailəsi ilə görüş zamanı onun xatirəsinə yaradılmış guşəyə baxış keçirilib. Burada nümayiş olunan şəxsi əşyalar və döyüş yoluna dair materiallar Nurlan Fərəməzovun həyat yolunu və Vətən uğrunda göstərdiyi fədakarlığı bir daha diqqətə çatdırır.
Nurlan Əhliman oğlu Fərəməzov 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 2009–2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. Hərbi həkim kimi çalışıb.
2020-ci ilin Vətən müharibəsində iştirak edən tibb xidmətinin baş leytenantı Nurlan Fərəməzov oktyabrın 9-da yaralı hərbçiləri savaş meydanından çıxararkən şəhid olub. Oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.
Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.






















