Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin nümayişi keçirilib.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı mayın 1-də Ağstafa Rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, qəhrəmanın atası Nazim Yusifov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Əməkdar incəsənət xadimi Barat Vüsal, filmin rejissoru Kəmalə Musazadə, Azər Yusiflinin döyüş yoldaşı baş gizir Cavidan Səfərov çıxış ediblər.
Çıxışlarda Azər Yusiflinin keçdiyi şərəfli ömür və döyüş yolundan söz açılıb, şəhidlərin adlarının əbədiləşdirilməsi üçün həyata keçirilən tədbirlərdən, eyni zamanda, onların doğmalarını, eləcə də müharibə veteranlarını hərtərəfli diqqət və qayğı ilə əhatə edən dövlət siyasətindən bəhs edilib.
Daha sonra nümayiş olunan film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
***
Yusifli Azər Nazim oğlu 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. 2012-ci ildə həqiqi hərbi xidmətə gedib. Əsgərliyi nümunəvi şəkildə başa vurduqdan sonra Sərhəd Qoşunlarında hərbi qulluqçu kimi xidmətini davam etdirib.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarının Xüsusi təyinatlı kəşfiyyat dəstəsində döyüşlərə yollanan Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri Azər Yusifli 21 oktyabr 2020-ci ildə Zəngilan şəhəri istiqamətində döyüşdə şəhid olub. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn edilib.
Prezident İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə Azər Yusifliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.























