Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin sədri, şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir şairin yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb. 

Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı təbrik videoformatda təqdim olunub.

Gecənin aparıcısı şair-publisist Əkbər Qoşalı Barat Vüsalın sənət dünyasından söz açıb. Bildirib ki, Barat Vüsal sözə dayanan, sözün məsuliyyətini daşıyan şairlərdəndir. Onun şeirlərində biz həm lirikanı, həm də Vətənin nəfəsini, xalqın yaddaşını, tarixin səsini eşidirik. Onun misralarında  torpaq danışır, dağ-daş danışır, çay danışır, yol danışır. Bugünkü gecə şair üçün zaman qarşısında bir hesabat, söz qarşısında bir sayğıduyarlıqdır.

Yubiley gecəsində çıxış edən AYB-nin sədr müavini Rəşad Məcid yubilyarın həm şair, həm bölmə rəhbəri kimi fəaliyyətini, yaradıcılığını yüksək qiymətləndirərək ona Yazıçılar Birliyinin diplomunu təqdim edib.

Millət vəkili Səməd Seyidov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı, tənqidçi və ədəbiyyatşünaslar Rüstəm Kamal, Əsəd Cahangir, Məti Osmanoğlu və Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov şairin zəngin yaradıcılığından bəhs ediblər.

Bildirilib ki, Barat Vüsal yaradıcılığında hər zaman milli-mənəvi dəyərləri yaşadaraq təbliğ edən ziyalılardandır.

Tədbirdə aşıqlar Avdı Musayev,Şaiq İncəli, Cahangir Gədəbəyli, İlqar Qələmçili və Şahin Süleymanov çıxış ediblər.

AYB-nin Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı şairə həsr etdiyi şeiri oxuyub. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadıyev, qiraətçilər Ayna Səs, Səbinə Yusif və şairin nəvəsi Aymən Əsədzadə Barat Vüsal yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda Barat Vüsal çıxış edərək özünə, yaradıcılığına verilən qiymətə və ümumilikdə ədəbiyyatımıza bəslənən diqqət, qayğı və ehtirama görə Prezident İlham Əliyevə, mədəniyyətimizin hamisi Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, yubiley tədbirinin təşkilində əməyi keçənlərə, iştirakçılara təşəkkür edib.