Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, səhnəmizin əvəzolunmaz gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın (20.4.1916 – 10.3.2004) 110 illiyi onun uzun illər fəaliyyət göstərdiyi Musiqili Teatrda qeyd edilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi, Nəsibə Zeynalovanın ailə üzvləri və yaxınları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Teatrın direktoru Aqil Bəhramlı çıxış edərək Nəsibə Zeynalovanın səhnədə və ekranda bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını bildirib. Qeyd edib ki, unudulmaz aktrisa bənzərsiz sənəti ilə milli teatr salnaməmizdə əbədi yaşayacaq.

Əməkdar artist Çingiz Əhmədov aktrisanın yüksək peşəkarlığı, səhnə mədəniyyəti ilə yanaşı, müsbət insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb.

Nəsibə xanım haqqında xatirələr Musiqili Teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının akrtisanın yubileyinə həsr olunmuş nümayişindən öncə də dilə gətirilib.

Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə böyük sənət fədaisinin həyat və yaradıcılığı barədə danışıb, onun vaxtilə bu tamaşada Sənəm obrazını böyük məharətlə ifa etdiyini vurğulayıb.

Xalq artistinin nəvəsi Nəsibə Novruzova sənətkarın xatirəsinə göstərilən ehtirama görə teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıq edib.

Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşasının budəfəki nümayişində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar Gülnarə Abdullayeva, Emin Zeynallı, Gültac Əlili, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Təranə Əliyeva, Murad Əliyev, eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.