Mədəni İrs Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə aprelin 17-də Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində III məktəblərarası intellektual bilik yarışı keçirildi.

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş yarışda Şəmkir şəhər Ə.Cavad və N.Nərimanov adına, Şəmkir rayon Çaparlı kənd S.Məmmədov adına 2 nömrəli, Düzqışlaq kənd S.Vurğun adına və Yuxarı Seyfəli kənd İ.Mehdixanov adına tam orta ümumtəhsil məktəblərinin şagirdləri qatılmışdı.

Tədbirin əsas məqsədi şagirdlərdə tariximizə, milli-mədəni irsimizə marağın artırılması, onların bilik və dünyagörüşünün inkişaf etdirilməsidir.

Maraqlı mübarizə şəraitində keçən yarışda şagirdlər bilik və bacarıqlarını nümayiş etdirdilər.

Sonda 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə kubok və diplom, 4-cü və 5-ci yerlərin sahiblərinə isə təşəkkürnamə təqdim olundu.

Belə tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, tariximizə və abidələrimizə bağlılığının möhkəmləndirilməsində əhəmiyyət kəsb edir.

Aləmzər Hüseynova

“Qədim Şəmkir Şəhəri”Dövlət Tarix- Mədəniyyət Qoruğunun elmi işçisi