Azərbaycanın mədəniyyət təqvimində beynəlxalq mənşəli günlər var və onların sayı getdikcə artmaqdadır. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ildən-ilə hansısa əlamətdar hadisə, yaxud tarixlə bağlı yeni gün təsis olunur və onun qeyd edilməsi dünya ictimaiyyətinə (üzv ölkələrə) tövsiyə edilir. Hərçənd beynəlxalq gün adı altında bəzən təqvimə mənşəyi şübhə doğuran “günlər” də yol tapır və bu ayrı bir yazı (müzakirə) mövzusudur.
İndiliksə diqqəti BMT, UNESCO kimi beynəlxalq qurumların rəsmi qərarları ilə təsis olunan bəzi günlərin mədəniyyət təqvimimizdə fərqli, daha doğrusu, yanlış adlarla qeyd edilməsinə yönəltmək istərdik.
Məsələn, bir müddət öncə 27 mart – Dünya Teatr Günü (World Theatre Day) qeyd edildi. Əlamətdar gün 1961-ci ildə UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutu (International Theatre Institute – ITI) tərəfindən təsis edilib və adı rəsmi mənbələrdə, bir daha vurğulayaq ki, Dünya Teatr Günü kimi yazılıb.
Amma bizdə bu gün illərdir ki, müxtəlif qurumlar, o cümlədən ayrı-ayrı teatrlar tərəfindən, eləcə də bir çox media səhifələrində "Beynəlxalq Teatr Günü" kimi qeyd edilir, yazılır. Bəziləri isə adı düzgün yazmaq istəsə də, ruscadan hərfi tərcümənin (Всемирный День Театра) “dərinliyinə” vararaq “Dünya”nı “Ümumdünya” kimi deyir və yazır.
Yeri gəlmişkən, illərdir ki, nəinki beynəlxalq günlərin, eləcə də əksər beynəlxalq təşkilatların adlarında dilimizə ruscadan köçürülmüş bu “Ümumdünya” məsələsindən qurtula bilmirik və bu da ayrıca bir mövzudur. Görəsən, ingiliscə “World” (“Dünya”) sözünü nə vaxtadək Azərbaycan dilinə rus dili üzərindən tərcümə edəcəyik?
Adı yanlış qeyd edilən günlərdən biri də qarşıdan gələn 15 aprel – Dünya İncəsənət Günüdür (World Art Day).
Bu gün beynəlxalq təqvimə yeni düşüb, 26 noyabr 2019-cu ildə UNESCO Baş Konfransının 40-cı sessiyasında təsis olunub.
Hərçənd 15 aprelin mədəniyyətlə bağlı onilliklər öncəyə gedən bir tarixçəsi də var.
Məsələ ondadır ki, UNESCO-nun sözügedən qərarına qədər 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunub. Həmin tarix isə 1935-ci il aprelin 15-də rus rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” da adlanır) imzalanması ilə bağlı idi. 20-yə yaxın ölkənin imzaladığı “Vaşinqton paktı” mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sonradan bu paktın bir sıra müddəaları BMT-nin və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapdı və inkişaf etdirildi.
Bir daha vurğulayaq ki, “Beynəlxalq mədəniyyət günü” qeyri-rəsmi qeyd edilən bir gün idi. 2019-cu ildə isə beynəlxalq təqvimə rəsmən Dünya İncəsənət Günü daxil olub. Mənşəyi və müvafiq qətnaməsi barədə də yenə UNESCO-nun saytında oxumaq olar. Qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.
Amma və lakin yenə də bir sıra mədəniyyət qurumları, müəssisələr 15 apreli yanlış olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd edir və bir çox media vasitələri də bunu belə yazır.
Dünyaya inteqrasiya etmək, beynəlxalq mədəniyyət təşkilatları ilə əlaqələri genişləndirmək, bu xüsusda mütərəqqi tendensiyalarla ayaqlaşmaq həm vacib, həm də faydalıdır. Eyni zamanda, daha yaxşı olar ki, beynəlxalq təsisatı olan günləri də təqvimimizdə öz adları ilə, olduğu kimi qeyd edək...
Vüqar Orxan





















