Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanda Fransız İnstitutu (L’Institut Français d’Azerbaïdjan – İFA) və Fransanın ökəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramı üzrə təlim layihəsi həyata keçirir.
Proqramın mentorları azərbaycanlı rejissor və ssenarist Orxan Ağazadə və Fransanın KIDAM şirkətinin prodüseri, maliyyə və idarəetmə direktoru Jül Qranjedir.
Aprelin 8-də başlanan treninq ayın 14-də başa çatacaq.
AKİ-dən bildirilib ki, proqramın məqsədi gənc və təcrübəli azərbaycanlı kinematoqrafçıların bədii film layihələrini beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirmək, onları peşəkar mentorluq və təlimlər vasitəsilə beynəlxalq platformalara hazırlamaqdır. Seçilən iştirakçılar layihələrini strukturlaşdırmaq və gücləndirmək, onları təqdimata hazır vəziyyətə gətirmək imkanı əldə edəcəklər.
Ustad dərsləri və mentorla təkbətək görüşlər vasitəsilə seçilmiş layihələr inkişaf və təqdimat mərhələləri üçün peşəkar dəstəklə təmin olunacaq, eyni zamanda, iştirakçılar beynəlxalq film peşəkarları ilə şəbəkələşmə imkanı qazanacaqlar. Layihənin əsas məqsədi, rəqabətin yüksək olduğu beynəlxalq platformalarda azərbaycanlı kinematoqrafçıların seçilmə və iştirak potensialını artırmaqdır. Bu məqsədlə film layihələrinin beynəlxalq təqdimat qaydalarına uyğun, peşəkar şəkildə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Pitçinqdə qalib gələn layihələr onların inkişafı etdirilməsi məqsədilə texniki, maddi və təşkilati dəstək alacaqlar.





















