Aprelin 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Əliqulu bu gün evlənir” tamaşasının növbəti nümayişi görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun (1941–2022) 85 illik yubileyinə həsr olunub.
Bəstəkarın ailə üzvlərinin də izlədiyi tamaşa alqışlarla qarşılanıb.
Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist Əkbər Əlizadə mərhum bəstəkarın yaradıcılıq yolundan, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
İlham Namiq Kamal sənətkarı minnətdarlıqla xatırlayıb: "Mən fəxr edirəm ki, Oqtay Rəcəbovun musiqisi ilə bu teatrda ərsəyə gələn üç tamaşadan ikisinin – "Şeytanın yubileyi" (əsərin müəlifi Aqşin Babayev) və "Əliqulu bu gün evlənir" (Sabit Rəhman) tamaşalarının quruluşçu rejissoruyam. Fəxr edirəm ki, o görkəmli şəxsiyyətlə iş birliyim olub".
Qeyd edək ki, Xalq artisti İlham Namiq Kamalın quruluşunda 2024-cü ildə hazırlanan “Əliqulu bu gün evlənir” tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.
Səhnə əsərində Xalq artisti İlham Namiq Kamal (Əliqulu), Əməkdar artistlər Əkbər Əlizadə (Rövşən), İqrar Salamov (Səfər), Prezident mükafatçısı Səmədzadə Xasiyev (Kamal), aktyorlar Zemfira Əbdülsəmədova (Gövhər), Rəsmiyyə Nurməmmədova (Humay), Gülçöhrə Abdullayeva (Səadət), Əliməmməd Novruzov (Xəlil), Gülnarə Əzizova (Nazlı), Ruslan Mürsəlov (Azad), Böyükxanım Məmmədova (Heyvaxanım), Mehriban Rəcəbova (Lumuxanım), Əzizəxanım Kazımova (Qumral), həmçinin xor və balet artistləri iştirak ediblər.






















