Bakı Xoreoqrafiya Akademiyası (BXA) Novruz və Ramazan bayramları ərəfəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xüsusi konsert proqramı təşkil edib.

Bu barədə BXA-dan məlumat verilib.

Konsertin əsas məqsədi sosial xidmət müəssisəsində yaşayan uşaqların mədəni və sosial fəallığını artırmaq, mədəniyyət sahəsinə olan maraqlarını gücləndirmək, onların mənəvi və psixoloji rifahını dəstəkləmək olub.

Proqram çərçivəsində akademiyanın müəllim və tələbələri rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər. Orta ixtisas təhsil pilləsinin rəqs müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin çıxışları Əməkdar artistlər Elçin Allahverdov və Tamilla Əliyevanın rəhbərliyi ilə hazırlanıb.

BXA-nın “Harmoniya” ansamblı və Xalq çalğı alətləri orkestri milli musiqi nümunələri və xalq oyun havaları ilə tədbirə xüsusi rəng qatıb. Ansamblın bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynli, orkestrin dirijoru orta ixtisas təhsil pilləsinin müəllimi Fatma İmanovadır.

Konsert proqramı sosial xidmət müəssisəsinin sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir həm əyləncəli, həm də mənəvi cəhətdən zəngin bir təcrübə təqdim edərək uşaqlarla bayram sevincinin paylaşılması üçün imkan yaradıb.

Tədbirin sonunda BXA-nın orta ixtisas təhsil pilləsinin tələbələri xüsusi hazırlanmış sovqatları uşaqlara təqdim ediblər. Bu təşəbbüs uşaqlara göstərilən diqqət və qayğının ifadəsi olmaqla yanaşı, onların cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu bir daha vurğulayıb.

Bakı Xoreoqrafiya Akademiyası gələcəkdə də inklüziv mədəni təşəbbüsləri davam etdirərək, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və mədəni həyatına dəstək göstərməyə davam edəcək.