Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində 2026-2028-ci illərdə fəaliyyət göstərəcək FD 1.31 qeydiyyat nömrəli Dissertasiya şurasının ilk iclası keçirilib.

İnstitutdan bildirilib ki, Dissertasiya şurasının sədri akademik Rafael Hüseynov qarşıdakı vəzifələrdən, elmi seminarın tələbkarlıq səviyyəsinin artırılması zəruriyyətindən bəhs edib.

Müzakirələrdə şura üzvləri mülahizələrini bölüşüblər.

Daha sonra 2015-2018-ci illərdə Bakı Dövlət Universitetinin əyani doktorantı olmuş Ayşən Sadıqlının “Mir Cəlal hekayələrində ədəbi qəhrəman və zaman” mövzusunda dissertasiya işinə opponentlər təyin olunması və avtoreferatın çapına icazə verilməsi ilə bağlı məsələ müzakirə edilərək müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, Dissertasiya şurası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2026-cı il 25 fevral tarixli əmri ilə 28 nəfərdən ibarət tərkibdə təsdiq edilib. Öncəki tərkibdə 24 nəfər üzv var idi. Şuranın tərkibindəki üzvlərdən akademik Teymur Kərimli, akademik Möhsün Nağısoylu və müxbir üzv Əbülfəz Quliyev birinci dönəmdə – 2019-2022-ci ildə də muzeydə fəaliyyət göstərən Dissertasiya şurasının üzvü olublar. Səkkiz üzv bu il ilk dəfə  şurada təmsil olunacaq.