Bu gün Novruz bayramı öncəsi qeyd olunan ilaxır çərşənbələrdən üçüncüsü – Yel çərşənbəsidir.
Yaradılışın əsasını təşkil edən dörd ünsürdən biri də yel-havadır. Hava canlı aləm üçün çox əhəmiyyətlidir. Daha doğrusu, havasız həyat yoxdur.
Yel çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar var: “Yel əsdirəni söyməzlər, çünki onun arxasında Tanrı durur”, “Yel olmasa, sel olmaz”, “Yel gətirər, gün qurudar” və s. İllərin sınağından çıxıb günümüzə qədər gəlib çatan “Yel əsib qoz tökülüb”, “Kələklə gələn, küləklə gedər”, “Yel apardığını qaytarmaz”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə” kimi deyimlərdə yelin (havanın) mahiyyəti müxtəlif yönlərdən ifadə olunur.
Yel çərşənbəsi “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə, bu çərşənbədə yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır...
Türk mifik təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün – küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.
“Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Yel xalq yaddaşında həm də yolgöstərən, bələdçi rolunu yerinə yetirir.
Qoy külək bizi üzü bahara, Novruza hamar yolla aparsın. Əsib-coşsa da, xətər-ətərsiz ötüşsün.
Artıq Novruz bayramına sayılı günlər qalır. Martın 17-də ilaxır çərşənbələrdən sonuncusu – Torpaq çərşənbəsi qeyd olunacaq.



















