Martın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda (2012) dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Komitə sədri Polad Bülbüloğlu qeyd edib ki, layihəi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olunaraq qəbul edilib.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev plenar iclas zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər barədə məlumat verib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova iclasda çıxış edərək mövcud qanuna mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı təklif olunan yeni 45.4-cü maddənin əlavə edilməsi barədə məlumat verib. Bildirib ki, təklif edilən dəyişiklik mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi mexanizminin genişləndirilməsini nəzərdə tutur.
Nazir müavini bu istiqamətdə görülən işlər barədə də məlumat verib. Mədəniyyət Nazirliyinin böyük layihələrindən olan Yaradıcı Mərkəz (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi ─ red.) haqqında danışan S.Yusifova diqqətə çatdırıb ki, bu, Prezidentin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilən layihədir. Əsas məqsədi mədəni yaradıcı sənaye sahəsində olan oyunçuların, xüsusilə gənclərin, startapların bir məkanda toplanmasıdır.
Nazir müavini deyib: “Bizim bu layihəni həm məzmun, həm coğrafiya baxımından daha geniş davam etdirmək planlarımız var. Bilirsiniz ki, mədəniyyət sistemində indi islahatlar mərhələsidir və biz infrastrukturun effektivliyinin, səmərəliliyinin artırılması, təkmilləşdirilməsi üçün bir neçə layihə üzərində işləyirik. Onlardan biri də çoxfunksiyalı məkanların yaradılmasıdır. İlk çoxfunksiyalı məkanlar pilot layihə kimi eksperimental olaraq Qarabağda yaradılacaq. Onlar özlərini doğrultduqdan sonra isə biz artıq ölkəmizin digər regionlarında bu mərkəzləri yaratmağa çalışacağıq”.
Müzakirələrdə “Mədəniyyət haqqında” qanuna dəyişikliklərlə bağlı rəy və təkliflər səsləndirilib.
Qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.























