Martın 2-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə BSU-da polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunan "Dil dialoq məkanı kimi: Azərbaycan-Polşa münasibətləri" mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə BSU-dan məlumat verilib.
Tədbirdə Polşa Respublikasının Adam Mitskeviç Universitetinin rektoru Boqumila Anna Kanievska, Sileziya Universitetinin Polyak Dili və Mədəniyyəti Məktəbinin direktoru, rektorun səlahiyyətli nümayəndəsi Yolanta Tambor, Polşadan gəlmiş digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra iştirakçılar BSU-da təşkil edilən "Azərbaycan-Polşa memarlıq əlaqələri: XIX-XX əsrlər" adlı sərgi ilə tanış olublar.
BSU-nun rektoru Anar Nağıyev çıxışında bildirib ki, 1996-cı ildən tədrisinə başlanan polyak dili Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə BSU-nun yaradılması ilə bağlı imzaladığı Sərəncamı ilə sürətli inkişaf yoluna qədəm qoyub. O qeyd edib ki, 30 il əvvəl əsası qoyulan polonistika ənənəsi bu gün artıq möhkəm akademik əməkdaşlığa çevrilib və bu uğurlar həmkarların uzunmüddətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Rektor vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, müxtəlif Avropa dillərini bilən diplomat və beynəlxalq münasibətlər mütəxəssislərinin hazırlanması strateji əhəmiyyət kəsb edirdi. Xüsusilə işğal dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkənin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün xarici dilləri və müxtəlif mədəniyyətləri dərindən bilən kadrlara böyük ehtiyac var idi.
A.Nağıyev qeyd edib ki, BSU Polşanın Poznan, Lödz, Varşava, Silezya, Krakov, Qdansk və digər universitetləri ilə polyakşünaslıq, turkologiya, inklüziv təhsil kimi sahələrdə yaxından əməkdaşlıq edir. 2026-cı ilin mart ayı ərzində polyak dili proqramlarında təhsil alan 25 nəfər (bu ixtisaslarda təhsil alan ümumi tələbə sayının 25%-ə yaxını) Polşanın müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edəcəklər.
Rektor Azərbaycan və Polşa arasında regional, Avropa və qlobal səviyyədə siyasi və mədəni maraqlar bir çox hallarda üst-üstə düşdüyünü diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.
Vurğulanıb ki, qarşıya qoyulan əsas hədəflərdən biri 30 illik inkişaf mərhələsi çərçivəsində universitetin region üzrə polyak dili üzrə ilk və yeganə sertifikasiya mərkəzi kimi fəaliyyət göstərməsinə nail olmaqdır.
Dəyirmi masada Adam Mitskeviç Universitetinin rektoru Boqumila Anna Kanievska, Sileziya Universitetinin Polyak Dili və Mədəniyyəti Məktəbinin direktoru, rektorun səlahiyyətli nümayəndəsi Yolanta Tambor, Adam Mitskeviç Universitetinin “Slubice Collegium Polonicum”un rəhbəri Yustina Krauze, Adam Mitskeviç Universitetinin Polyak və klassik filologiya fakültəsinin dekanı Krşiştov Skibski , Sileziya Universitetinin Polyak dili, ədəbiyyatı və mədəniyyəti üzrə “Yay məktəbi”nin akademik rəhbəri Aqneşka Tambor, Sileziya Universitetinin müəllimi Maqdalena Knapik, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova, BSU-nun Xarici dillər və tərcümə kafedrasının professoru Rafiq Novruzov, Qərbi Slavyan filologiyası kafedrasının xarici əvəzçi müəllimi Barbara Piontek çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, bu yubiley təkcə Azərbaycan üçün deyil, həm də Polşa üçün əlamətdar bir tarixdir və hər iki xalqın dostluğunu əks etdirən bir bayram kimi qiymətləndirilir. Qonaqlar BSU-da slavyan dillərinin yüksək səviyyədə tədris olunduğunu məmnunluqla qeyd ediblər. Onlar yaradılan şəraitə və polyak dilinin 30 illik yubileyinin belə təntənəli şəkildə qeyd olunmasına görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Daha sonra BSU ilə Adam Mitskeviç Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd iki ali təhsil müəssisəsi arasında elmi-akademik əlaqələrin genişləndirilməsini, tələbə və müəllim mübadiləsinin inkişafını, birgə tədqiqat və layihələrin həyata keçirilməsini nəzərdə tutur.























