Milli Kitabxana görkəmli yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiqin (24.2.1881 – 24.7.1959) 145 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, sərgilərdə ədibin şeirləri, poemaları, pyesləri, nəsr əsərləri və tərcümələrinin yer aldığı kitablar nümayiş olunur.
Abdulla Şaiqin həyatı, yaradıcılığı, pedaqoji və ədəbi-tənqidi görüşləri haqqında, eləcə də Bakıdakı ev-muzeyi ilə bağlı ədəbiyyat, sözlərinə bəstələnmiş musiqi notları və fotolar da təqdim edilir.
Virtual sərgi ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Abdulla Şaiqin həyat yolu və zəngin bədii yaradıcılığından bəhs edən virtual kitab sərgisini istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Abdulla Şaiqin 3 cilddə nəşr edilən “Seçilmiş əsərləri”, habelə “Arazdan Turana”, “Gözəl bahar”, “Kiçik qəhrəman”, “Tülkü həccə gedir” əsərləri, onun haqqında qələmə alınan “Xatirələrim”, “Abdulla Şaiqin romantizmi”, “Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri”, “Abdulla Şaiq və teatr”, “Abdulla Şaiqin sözlərinə bəstələnmiş musiqi əsərləri” kimi 20-dən çox kitabın tam mətni yer alır.
Virtual kitab sərgisində Abdulla Şaiqin zəngin, çoxşaxəli ədəbi-bədii irsindən bəhs edən akademik Rəfael Hüseynovun “Şaiqin sönməyən ümidi”, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyevanın “Azərbaycan milli düşüncə tarixində Abdulla Şaiq fenomeni”, pedaqogika üzrə fəlsəfə doktoru Nadir İsmayılovun “Uşaq ədəbiyyatının sönməz çırağı” kimi 10-dan çox məqalə də təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın saytında yerləşdirilib.






















