Bu il milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Davud Kazımovun (1926–2015) 100 illik yubileyidir. Yubiley münasibətilə fevralın 20-da Azərbaycan Milli İncəsənət Muzeyində sənətkarın əsərlərindən ibarət sərgi açılıb.
Muzeydən verilən məlumata görə, açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Davud Kazımovun oğlu, Rəssamlıq Akademiyasının professoru Akif Kazımov çıxış ediblər.
Çıxışlarda Davud Kazımovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, milli rəngkarlıq məktəbinə verdiyi töhfələrdən, gənc rəssamların formalaşmasındakı rolundan bəhs edilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 40-a yaxın rəngkarlıq əsəri nümayiş etdirilir. Sənətkarın muzeyin fondundan və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur.
Davud Kazımov Azərbaycan təsviri sənətində lirik mənzərələri, əmək mövzusuna həsr olunmuş süjetli tabloları və yüksək peşəkarlıqla işlənmiş qrafika nümunələri ilə özünəməxsus yer tutur. O, yaradıcılığında ölkəmizin cənub rayonlarının təbiəti və insanlarını, eləcə də “Neft Daşları” mövzusunda Xəzər neftçilərinin romantik həyatını böyük sənətkarlıqla əbədiləşdirib. Bolqarıstan, İspaniya və digər ölkələrə səfərləri zamanı canlı müşahidə və təəssüratı əsasında yaratdığı silsilə əsərlər Davud Kazımovun sənət dünyasını daha da zənginləşdirib. Rəssamın Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Mirzə Əli Möcüz kimi ədiblərin əsərlərinə verdiyi bədii tərtibat isə kitab illüstrasiyası sahəsində dəyərli töhfələrdir.
Ekspozisiyada müəllifin natürmort, portret və tematik tabloları xüsusi yer tutur. İlk zalda nümayiş olunan “Nərgizlər”, “Xrizantemlər”, “Astralar” kimi çiçək natürmortları rəssamın zərif kolorit duyumunu və rəng harmoniyasına həssas yanaşmasını parlaq şəkildə əks etdirir. Bu əsərlərdə gül ləçəklərinin incə fakturası və işıq-kölgə keçidləri poetik ovqat yaradır və tamaşaçını estetik bir aləmə aparır.
Dağ mənzərələri, “Səhər”, “Qızmar gün” tablolarında təbiətin nəfəsi, gün işığının dinamizmi və füsunkar landşaftların emosional təsviri diqqəti cəlb edir. “Lənkəran qadınları” əsərində isə bölgə insanının xarakteri və həyat ritmi səmimi boyalarla təqdim olunur.
“Bolqarıstan silsiləsi”, “İspan rəqsi” əsərləri müəllifin xarici səfərlərdən aldığı təəssüratın bədii ümumiləşməsidir. Bu tablolar fərqli mədəni mühitlərin palitrasını, hərəkət və ritmini canlı kompozisiyalar vasitəsilə təqdim edir. “Ana”, “Məhsul bayramı”, “Bağda” kimi əsərlərdə əmək, torpaq və insan mövzusu mükəmməl bədii həllini tapıb, “Xəzərin yeraltı sərvətləri” tablosunda isə neftçilərin fədakar həyatı əks olunub.
Ekspozisiyanın sonunda təqdim olunan videoçarx sənətkarın həyat və sənət yolu haqqında təəssüratı daha dolğun edir.
Sərgi 31 mart tarixinədək davam edəcək.


























