AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Səudiyyə Ərəbistanının Kral Əbdüləziz Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 8-12 fevral 2026-cı il tarixlərdə Ər-Riyad şəhərində “Azərbaycan arxivindəki ərəb əlyazmaları” adlı sərgi keçirilib.
Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.
Azərbaycan mədəniyyətinin və elmi irsinin təbliğinə həsr olunmuş sərgidə Əlyazmalar İnstitutundan fondundan nümunələrin yüksək keyfiyyətli fotosurətləri iştirakçılara təqdim olunub. Ərəb dilçiliyi, ədəbiyyatı, tarixi, islam elmləri sahəsinə aid müxtəlif əlyazmaların fotosurətləri, azərbaycanlı katiblər tərəfindən köçürülən nüsxələrin nümayiş olunduğu sərgi ziyarətçilər və ərəb alimləri tərəfindən böyük maraqla qarşılanıb.
Açılış mərasimində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Mütəllim Mirzəyev və səfirliyin attaşesi İlqar Qarayev çıxış edərək iki ölkə arasındakı mədəni əlaqələrin strateji əhəmiyyətini vurğulayıblar.
Səudiyyə Ərəbistanı tərəfindən Kral Əbdüləziz Mərkəzinin icraçı direktoru Turki bin Məhəmməd əş-Şuveyir, Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq üzrə İdarənin rəisi Məhəmməd bin Əli əl-Qarni, Kral Ailəsinin Tarixi Mərkəzinin rəisi Əbdürrəhman bin Abdullah əş-Şuveyir sərginin təşkilatçıları qismində iştirak ediblər.
Tədbir çərçivəsində aparılan müzakirələr zamanı Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Mərkəzi əməkdaşlarının 2026-cı ilin may ayında Azərbaycana səfər gələcəkləri və Əlyazmalar İnstitutu ilə birgə Bakıda dünya tibb elminin banilərindən biri, məşhur cərrah Əbu Qasim əz-Zəhraviyə həsr olunacaq elmi seminarın təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Kral Əbdüləziz Mərkəzində sərginin təşkili, elmi materialların seçilməsi və təqdimi Əlyazmalar İnstitutunun əməkdaşları – Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova tərəfindən həyata keçirilib. Sərgiyə təqdim olunan əlyazmaların fotosurətlərinin çıxarılmasında Fondların elmi uçotu və mühafizəsi və Əlyazmaların elektron resursları şöbələrinin əməkdaşlarının zəhməti olub.























