“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu (Ağstafa rayonu) mədəni irs sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Xəbər verdiyimiz kimi, 2025-ci ilin sentyabr ayında "Keşikçidağ" qoruğu ilə Qazaxıstan Respublikasının "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmin əməkdaşlıq sənədindən irəli gələrək fevralın 10-da “Keşikçidağ” qoruğu ilə “Həzrət Sultan” muzey-qoruğunun birgə təşkilatçılığı ilə Orta əsrlərə aid mədəni irs nümunələrinin qorunması, öyrənilməsi və təbliği mövzusunda onlayn elmi seminar keçirilib.  

Bu barədə “Keşikçidağ” qoruğundan məlumat verilib.

Türk dünyasının ortaq tarixi-mədəni irsinin elmi əsaslarla tədqiqi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün elmi platforma kimi reallaşan təşəbbüs xüsusilə gənc tədqiqatçıların və tələbələrin prosesə fəal şəkildə cəlb olunması baxımından əhəmiyyət kəsb edir.

Seminara Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının nümayəndələri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri və gənc könüllüləri, Bakı Dövlət Universiteti (BDU) və Xəzər Universitetinin tarix, arxeologiya və memarlıq ixtisasları üzrə təhsil alan bakalavr, magistrant və doktorantları qoşulublar.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Yunis Nəsibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun abidələrin mühafizəsi şöbəsinin müfəttişi Səlimcan Solxayev, muzey-qoruğun əməkdaşı Marat Tuyakbayev, həmçinin Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu) əməkdaşı Cahan Osmanova məruzələrlə çıxış ediblər.

Çıxışlarda Orta əsrlər abidələrinin mühafizəsi və tədqiqində müasir elmi yanaşmalar, beynəlxalq təcrübə və iki qoruq arasında gələcək əməkdaşlıq perspektivlərindən bəhs olunub.

“Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi” layihələrinin gənc könüllüsü İsrayıl Məmmədov da çıxış edərək qoruq ərazisindəki arxeoloji qazıntı işlərində iştirakı, əldə etdiyi praktiki bilik və bacarıqlar, bu cür layihələrin gənclərin elmi dünyagörüşünün formalaşmasındakı rolu barədə təəssüratını bölüşüb.

Tədbirin əsas məqsədi “Keşikçidağ” və “Həzrət Sultan” qoruqları arasında elmi əməkdaşlığın daha da gücləndirilməsi, tarixi, arxeoloji və memarlıq irsinin müqayisəli şəkildə araşdırılması, eləcə də gələcək birgə elmi tədqiqatlar, ekspedisiyalar və layihələrin həyata keçirilməsi imkanlarına fikir mübadiləsi aparmaq olub.

Onlayn elmi seminarda fəal iştiraka görə tələbə və magistrantlara “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən birgə sertifikatlar təqdim edilib.