Tarixdəki olaylar

 

13 yanvar 1928 – Bakıda Azərbaycan yazıçılarının 1-ci qurultayı başlanıb. Qurultayda Azərbaycan Proletar Yazıçıları Assosiasiyasının (Az.PYA) yaranması haqqında qərar qəbul edilib.

 

13 yanvar 1990 – Bakının “Azadlıq” meydanındakı izdihamlı mitinqdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən “Milli Müdafiə Şurası” yaradıldığı elan olunub. Həmin gün sovet xüsusi xidmət orqanları əməkdaşlarının gizli təhriki ilə Bakıda ermənilərə qarşı talanlar başlanıb. SSRİ KQB-sinin ssenarisi üzrə hazırlanan məqsədli təxribat bir həftə sonra Bakıya Sovet Ordusu hissələrinin yeridilməsi (20 Yanvar qırğını) üçün əsas oldu. Əsas məqsəd isə Xalq Cəbhəsinin hakimiyyəti ələ almasına imkan verməmək idi.

 

13 yanvar 1991 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Şaumyan (kənd) rayonu ləğv edilib və ərazisi Goranboy rayonuna birləşdirilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 yanvar 1894 – Azərbaycanın Xalq artisti Qriqori Mixayloviç Sorin (1894 – 10.1.1973) Rusiyanın Tver vilayətində doğulub. Moskva teatrlarında çalışıb, 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

 

13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Xalq maarifi komissarı, Azərbaycan KP-nin 2-ci katibi vəzifələrində işləyib. Repressiya edilib.

 

13 yanvar 1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

 

13 yanvar 1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912 – 8.1.1967) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub. 

 

13 yanvar 1931 – Rus yazıçısı, kinodramaturq Arkadi Aleksandroviç Vayner (1931 – 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir.

 

13 yanvar 1945 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (1945 – 8.4.2021) Bakıda doğulub. 1971-ci ildən çalışdığı Azərbaycan Televiziyasında çoxsaylı tamaşa və filmlərə quruluş verib.

 

13 yanvar 1992 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (20.2.1925 – 1992) vəfat edib. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

 

13 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

13 yanvar 2001 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş Eldar Heydər oğlu Zeynalov (22.8.1937 – 2001) vəfat edib.

 

13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 – 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

 

Hazırladı: Vüqar Orxan