Dekabrın 25-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilov; 1935–1998) 90 illik yubileyi tamam olur.
Bu münasibətlə dekabrın 23-də ədibin ata ocağında – Səməd Vurğunun Ev-Muzeyində xatirə tədbiri keçirilib.
Muzeydən verilən məlumata görə, tədbirdə ədəbiyyat və elm xadimləri, mədəniyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Vurğun Vəkilov qonaqları salamlayaraq, Azərbaycan Prezidentinin 4 sentyabr 2025-ci il tarixdə Yusif Səmədoğlunun 90 illiyi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, bu sərəncamdan irəli gələrək mədəniyyət ocaqlarında yubileylə bağlı silsilə tədbirlər keçirilir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, institutun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi Məti Osmanoğlu Yusif Səmədoğlunun həyat və yaradıcılığından söz açıblar.
Çıxışlarda Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatında dərin fəlsəfi baxışı və cəsarətli yaradıcılığı ilə seçilən sənətkar olduğu vurğulanıb. Qeyd edilib ki, onun əsərləri milli-mənəvi dəyərlərə söykənən, insanın daxili aləmini ustalıqla əks etdirən ədəbi irs və gələcək nəsillər üçün ədəbi məktəbdir.
Tədbirin bədii hissəsində Vurğun Vəkilov (fortepiano) və Ümidə Abasovanın (skripka) ifasında avstriyalı bəstəkar Frits Kreislerin (Fritz Kreisler; 1875–1962) əsərləri səsləndirilib.
























