AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 30–31 iyul tarixlərində “Tarixi yerlər və abidələr” mövzusunda V Beynəlxalq Bakı–Bayırşəhər Simpoziumu keçirilir.

Simpozium görkəmli alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyevin (1936–2020) xatirəsinə həsr olunub. 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iyulun 30-da tədbirin açılışında çıxış edib. O, Azərbaycanın qədim şəhərsalma mədəniyyəti, arxeoloji abidələri, eləcə də tarixi irsin qorunması ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan simpoziumun əhəmiyyətini qeyd edib. Bildirib ki, beynəlxalq tədbir elm adamlarını bir araya gətirərək Azərbaycanın mədəni irsinin qorunması sahəsində fikir mübadiləsi aparmaq üçün mühüm platformadır. Həmçinin elmi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açır.

İsa Həbibbəyli simpoziumun Azərbaycan arxeologiyasında elmi məktəb yaratmış alimlərdən olan AMEA-nın müxbir üzvü Vəli Əliyevin xatirəsinə həsr olunmasının xüsusi önəm daşıdığını vurğulayıb.

AMEA prezidenti Qarabağda, Naxçıvanda, eləcə də Beşbarmaq dağı, Naftalan şəhəri, Goranboy rayonu və Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə yerində tanış olduğunu bildirib.

Akademik bu yaxınlarda Bakının “Bayırşəhər” adlanan tarixi hissəsindəki məhəllədə XIX əsrdə tikilmiş Zərgərpalan hamamı kimi tanınan abidənin konservasiya işlərindən sonra açılışının olduğunu da diqqətə çatdırıb. Zərgərpalan hamamının tarixi-mədəni sərvətimizin bir parçası olduğunu deyən alim Bakının mərkəzində bu cür arxeoloji mədəniyyət abidəsinin yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından olduqca önəmli olduğunu qeyd edib. Vurğulayıb ki, ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirən arxeoloji nümunələrin bərpa olunaraq həyata qaytarılması onların yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Sonra “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AMEA-nın müxbir üzvü Vəli Əliyevin həyat və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.

O diqqətə çatdırıb ki, AMEA-nın müxbir üzvü Vəli Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi olub. Onun “Azərbaycanın Tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Gəmiqaya”, “Naxçıvanın qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb. Alim Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Şahtaxtı-Govurqala, Qazançı qalası, Gilan-Plovtəpə ilkin şəhər mərkəzlərində, Naxçıvan şəhərinin Tunc dövrü nekropolunda, Çalxanqala, Vayxır-Govurqala, Əznəburd və digər qədim qala-şəhər abidələrində müdafiə istehkamlarında apardığı arxeoloji tədqiqatlar əsasında Azərbaycanda eramızdan əvvəl III-II minilliklərdə iri tayfa ittifaqlarına – erkən dövlətlərə məxsus qədim şəhər mərkəzlərinin yarandığını sübut edib.

Tədbir işini Bakının Bayırşəhər ərazisində yerləşən Zərgərpalan hamamı tarixi abidəsində bölmə iclasları ilə davam etdirib.

“Azərbaycan arxeologiyası və Vəli Əliyevin tədqiqatlarında Qarabağ mövzusu”, “Təbrizdə yaşayan daş yaddaşı”, “Kərkükdə tarixi Osmanlı abidələri”, “Azərbaycan epiqrafik abidələri arasında hamamların rolu”, “Göl Yeri yaşayış yerinin dəfn adətləri” və digər mövzularda məruzələr dinlənilib.