XX əsr Azərbaycan ədəbi-mədəni və mətbuat mühitinin tanınmış nümayəndələrindən biri, şair, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Hüseyn Razinin (Hüseyn Məmməd oğlu Rzayev; 1924-1998) haqqında monoqrafiya nəşr olunub.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman Xəlilovun müəllifi olduğu “Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı monoqrafiya ədibin həyat və yaradıcılığının kompleks tədqiqinə həsr edilib.

Əvvəlcə şairin ədəbi irsini araşdıran tədqiqat əsərlərinin elmi əhəmiyyəti müəyyənləşdirilib və dəyərləndirilib, sonra onun poeziyası, dramaturgiyası, publisistik və tərcüməçilik fəaliyyəti, həmçinin bu günədək işıq üzü görməyən “Gündəlik”ləri araşdırılıb, milli ruhun qorunmasına, azadlıq ideyalarının ifadəsinə xidmət edən bədii-estetik meyarları təhlil edilib.

Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir. Birinci fəsil “Hüseyn Razinin ədəbi irsinin öyrənilməsi, dəyərləndirilməsi və əsərlərinin biblioqrafiyası” adlanır. Bu fəsildə şairin yaradıcılığının müstəqillik illərində aparılan tədqiqatlarda daha çox obyektivliklə dəyərləndirilməsi xüsusi şəkildə vurğulanıb.

Monoqrafiyanın əsasını “Hüseyn Razinin ömür yolu və bədii yaradıcılığı” adlanan ikinci fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı problem kimi qarşıya qoyduğu məqsədi mərhələli şəkildə həll etməyə nail olub. Şairin ömür yolu, lirikası, poemaları, dramaturgiyası, sənətkarlıq xüsusiyyətləri, tərcümələri araşdırma obyektinə çevrilib.

“Hüseyn Razinin publisistikası” adlı üçüncü fəsil isə ədəbi-tənqidi, elmi və ictimai-siyasi məzmunlu publisistik məqalələr və “Gündəlik”dən ibarətdir.

“Əcəmi” nəşriyyatında işıq üzü görən 360 səhifəlik monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir. Kitabda eyni zamanda X.Kərimlinin “Hüseyn Razi yaradıcılığı yeni tədqiqat müstəvisində” adlı ön söz xarakterli yazısı da yer alıb.

Monoqrafiya Hüseyn Razi yaradıcılığının müxtəlif istiqamətlərini işıqlandırmaq, onun ədəbi-bədii irsinin Azərbaycan ədəbiyyatındakı yerini müəyyənləşdirmək, gələcək nəsillərə bu qiymətli irsi daha sistemli şəkildə təqdim etmək baxımından qiymətli mənbədir.