Milli Kitabxana iyulun 25-də görkəmli dilçi alim, professor Buludxan Xəlilovun (1966–2021) 60 illik yubileyinə həsr olunmuş kitab sərgisini istifadəçilərə təqdim edib.

Kitabxanadan verilən məlumata görə, sərgidə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun müəllifi, redaktoru və rəyçisi olduğu monoqrafiyalar, dərs vəsaitləri, dövri mətbuatda çıxan məqalələri nümayiş olunur.

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Ağbaba mahalının Ellərkənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə də həmin institutun Azərbaycan dili kafedrasında kimi başlayıb. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib.

Buludxan Xəlilovun elmi fəaliyyəti çoxsahəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilib. Bunlardan 45-i monoqrafiya, dərslik və dərs vəsaitidir. Alim Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 2003-2004-cü illərdə Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olub. "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru idi.

“Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2006-cı ildə Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

B.Xəlilov 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.